Sosial şəbəkələrdə yayılan və qısa zamanda geniş müzakirələrə səbəb olan görüntülər ictimaiyyətin diqqətini qida istehsalı sahəsinə yönəldib.
Paylaşımlarda “Azəridad” müəssisəsində kolbasa hazırlanarkən istifadə olunan toyuqların emal prosesinin sanitariya-gigiyena tələblərinə uyğun aparılmadığı iddia edilir. Məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilərkən, istehlakçılar istehsal prosesinin necə həyata keçirildiyi, məhsulların keyfiyyətinə hansı nəzarətin edildiyi və qida təhlükəsizliyi normalarına nə dərəcədə riayət olunduğu ilə bağlı suallar qaldırırlar. İddiaların həqiqiliyi isə yalnız rəsmi araşdırma və səlahiyyətli qurumların açıqlamalarından sonra dəqiqləşə bilər.
Qida eksperti Ağa Salamov Hit.az-a açıqlamasında bildirib ki, kolbasa istehsalında tükləri tam təmizlənməmiş quş ətindən istifadə olunması qida təhlükəsizliyi baxımından qəbuledilməz yanaşmadır və belə faktların təkrarlanmasına imkan verilməməlidir:

“Ət emalı müəssisələrinin əsas vəzifəsi istehsal prosesini sanitar-gigiyenik normalara uyğun təşkil etmək, istifadə olunan xammalın keyfiyyətinə ciddi nəzarət etmək və istehlakçı sağlamlığını hər cür kommersiya marağından üstün tutmaqdır. Məhsulun hansı şəraitdə hazırlandığını və istehsal zamanı hansı xammaldan istifadə edildiyini alıcı satış məntəqəsində müəyyən edə bilməz”.
Ekspert qeyd edib ki, buna görə də seçim edərkən istehsalçı müəssisənin etibarlılığı, məhsulun mənşəyi və müvafiq keyfiyyət göstəriciləri əsas meyarlar olmalıdır:
“Məhsulun sertifikatlaşdırılmış olması, halal tələblərinə uyğunluğu və rəsmi standartlara cavab verməsi istehlakçı üçün mühüm göstəricilərdən sayılır. Məhz buna görə də bazarda öz keyfiyyəti ilə tanınan və etibar qazanan istehsalçıların məhsullarına üstünlük vermək daha təhlükəsiz seçim hesab edilir”.
Günel Cəlilova


