Gündəlik həyatımızda qarşılaşdığımız problemlərdən biri də naviqatorların adresləri tam dəqiq göstərməmisidir.
Bu, xüsusilə taksi sifariş edərkən və ya şəxsi avtomobilimizlə tanımadığımız ünvana gedərkən problemə çevrilir. Əslində, naviqatorlardakı ünvan problemi təkcə texniki məsələ deyil, şəhərin rəqəmsal idarəetmə səviyyəsinin göstəricilərindən biridir. Bu gün insanlar xəritəyə sadəcə istiqamət tapmaq üçün baxmırlar. Taksi sifariş edir, onlayn alış-veriş edir, kuryer çağırır, təcili yardım və digər xidmətlərdən istifadə edirlər.
Naviqasiya sistemindəki kiçik bir səhv isə bütün bu zəncirin pozulmasına səbəb olur. Bir neçə dəqiqəlik gecikmə bəzən saatlarla vaxt itkisi, əlavə xərc və xidmət keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir.
Digər mühüm məqam ondan ibarətdir ki, şəhərlər sürətlə dəyişir, lakin rəqəmsal xəritələr hər zaman bu dəyişikliklə eyni sürətlə yenilənmir. Yeni yaşayış kompleksləri istifadəyə verilir, küçələrin adı dəyişir, yeni yollar çəkilir, binaların girişləri fərqli istiqamətlərdən təşkil olunur. Əgər bu məlumatlar operativ şəkildə xəritələrə daxil edilmirsə, naviqator faktiki vəziyyəti deyil, köhnə şəhəri göstərmiş olur.
Belə olduqda isə problem proqramda deyil, məlumat bazasının aktuallığında yaranır. Bu problem taksi sürücüləri, sərnişinləri, şəxsi minik maşınlarının sahiblərini deyil, elektron ticarətin inkişafına, poçt və kuryer xidmətlərinin sürətinə, turizm sektoruna, hətta investisiya mühitinə də təsir göstərir. Xarici vətəndaşın və ya turistin ünvanı rahat tapa bilmədiyi şəhər haqqında ilk təəssüratı mənfi olur.
Eyni problem bizneslərin müştərilərinə vaxtında xidmət göstərməsini də çətinləşdirir. Nəzərə almaq lazımdır ki, düzgün naviqasiya yalnız rahatlıq deyil, şəhər idarəçiliyinin keyfiyyətini müəyyən edən vacib göstəricilərdən biridir.
Şəhər böyüdükcə və xidmətlər rəqəmsallaşdıqca ünvan məlumatlarının dəqiqliyi də strateji əhəmiyyət qazanır. Buna görə də naviqatorların daha dəqiq işləməsi təkcə sürücülərin rahatlığı üçün deyil, bütövlükdə müasir şəhər həyatının daha səmərəli təşkili üçün vacib şərtlərdən biri hesab edilməlidir.
Günel Cəlilova


