Bu gün Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) ilə Kültürlerarası Ağ Derneğinin birgə təşkilatçılığı ilə keçirilən “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində Türkiyədən Azərbaycana nümayəndə heyəti gəlib.
Hit.az xəbər verir ki, nümayəndə heyəti Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.
Türkiyənin müxtəlif media qurumlarının təmsilçiləri və sahə mütəxəssislərindən ibarət 20 nəfərlik heyət Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların, eləcə də Qafqaz İslam Ordusunun şəhid olan əsgərlərinin xatirəsini dərin ehtiramla yad edib, abidələr önünə gül dəstələri qoyublar.
Ziyarətdən sonra təşkilatçılar və nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçirərək səfərin məqsədi və proqramın əhəmiyyəti ilə bağlı açıqlama veriblər. Açıqlamalarda Cənubi Qafqazda davamlı sülhün, regional sabitliyin və quruculuq proseslərinin təşviqində Azərbaycan ilə Türkiyə arasındakı media və ictimai əlaqələrin mühüm rol oynadığı vurğulanıb.
TADİV sədri, professor Aygün Attar nümayəndə heyətinin sabah Qarabağ və Şərqi Zəngəzura səfər edəcəyini də açıqlayıb.
Elmir Mustafa







