Günəşli havalarda əhvalımız niyə aşağı düşür?

ÖLKƏ
10:47 / 10.08.2026
159

Yay adətən sevinc və istirahətlə əlaqələndirilir. 

Lakin isti havalar bəzi insanlarda gözlənilən əksinə, əhval-ruhiyyənin aşağı düşməsi, enerjisizlik, yuxu və iştah dəyişiklikləri, sosial həyatdan uzaqlaşma kimi hallar yarada bilər. Bəzən insanın ətrafındakı hər kəsin yaydan zövq aldığını görməsi özünü daha da pis hiss etməsinə səbəb olur. 

Bəs bu vəziyyət sadəcə mövsümi yorğunluqdur, yoxsa “yay depressiyası” adlandırılan psixoloji problemlə əlaqəli ola bilər?

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, yay depressiyası ifadəsi cəmiyyətdə getdikcə daha çox istifadə olunsa da, insanın yay aylarında özünü pis hiss etməsi hər zaman klinik depressiya mənasını vermir:

406811

“Bəzən havanın həddindən artıq isti olması, yuxu rejiminin pozulması, gündəlik həyatdakı dəyişikliklər və insanın özünü daim aktiv və xoşbəxt hiss etməli olduğu düşüncəsi əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər. Yay mövsümündə ətrafımızda daha çox istirahət edən, səyahət edən və əylənən insanları görürük. Sosial şəbəkələrdə isə bunun daha idealizə olunmuş görüntüsü ilə qarşılaşırıq. 

Bəzi insanlarda isti hava da psixoloji narahatlığı artıran amilə çevrilə bilər. Yuxunun keyfiyyətinin aşağı düşməsi, gecələr rahat yata bilməmək, gün ərzində halsızlıq və gündəlik fəaliyyətə marağın azalması insanın emosional vəziyyətinə təsir göstərə bilər”.

Ekspert qeyd edib ki, burada ən vacib məqamlardan biri insanın öz hisslərini kiçiltməməsidir:

“Əgər əhvalın aşağı olması uzun müddət davam edir, insan əvvəllər zövq aldığı fəaliyyətlərə marağını itirir, sosial münasibətlərdən uzaqlaşır, yuxu və iştahında ciddi dəyişikliklər yaranırsa, bunu sadəcə yay yorğunluğu kimi qiymətləndirmək düzgün deyil. Belə vəziyyətdə mütəxəssis dəstəyi almaq daha doğru yanaşmadır”.

Psixoloq diqqətə çatdırıb ki, əsas məsələ insanın özünü başqalarının yay həyatı ilə müqayisə etməməsidir:

“Yay hər kəs üçün eyni keçmir. Kiminsə tətil etdiyi, səyahət etdiyi və əyləndiyi bir vaxtda başqa bir insanın daha sakit həyat keçirməsi onun həyatının uğursuz olduğu anlamına gəlmir”.

Günel Cəlilova

0