Bu gün Pakistan İslam Respublikasının Müstəqillik Günü münasibətilə ölkənin Azərbaycandakı səfirliyində təntənəli tədbir keçirilib.
Hit.az xəbər verir ki, tədbir Qurani-Kərimin tilavəti ilə açıq elan edilib.
Ardınca Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ölkəsinin dövlət bayrağını ucaldıb. Dövlət himninin səsləndirilməsindən sonra Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərifin Müstəqillik Günü münasibətilə xalqa ünvanladıqları təbrik müraciətləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mərasimdə bu tarixi günün müstəsna əhəmiyyəti vurğulanıb, regionda və dünyada sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması üçün dualar edilib.
Tədbirin maraqlı və diqqətçəkən məqamlarından biri azərbaycanlı tələbələrin çıxışı olub. Qonaq qismində iştirak edən tələbələr urdu dilində çıxışlar edərək iki ölkə arasındakı mədəni bağların göstəricisini nümayiş etdiriblər.
Rəsmi hissənin sonunda səfir Qasım Mohiuddin nitq söyləyərək Azərbaycan və Pakistan arasındakı sarsılmaz qardaşlıq münasibətlərindən, strateji tərəfdaşlıqdan və xalqlarımızın sıx həmrəyliyindən bəhs edib.
Təntənəli mərasim qonaqlar üçün təşkil olunmuş ziyafətlə yekunlaşıb.
Elmir Mustafa












