Obyekt almaq və ya icarəyə götürmək ciddi maliyyə və hüquqi məsuliyyət tələb edən qərardır.
Bəzən yalnız obyektin yerləşdiyi əraziyə, qiymətinə və görünüşünə diqqət yetirilir, lakin sənədlərin qaydasında olub-olmaması, təyinatı, mülkiyyət hüquqları və müqavilənin şərtləri sonradan ciddi problemlərə səbəb ola bilər. Bu səbəbdən obyekt seçərkən hansı hüquqi və praktiki məqamlara diqqət edilməli, müqavilə bağlanarkən hansı şərtlər xüsusi olaraq nəzərə alınmalıdır?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov Hit.az-a açıqlamasında deyib ki, hər obyektin özünəməxsus göstəriciləri olur:

“Söhbət ticarət və ya kommersiya obyektindən gedirsə, ilk növbədə həmin obyektin neçənci ildə inşa edildiyi araşdırılmalıdır. Obyektin texniki imkanları, eləcə də ticarət baxımından mühüm amillərdən biri olan qarşısındakı piyada və alıcı axını nəzərə alınmalıdır. Bununla yanaşı, obyektin parklanma imkanları və vitrinlərinin sayı da önəmlidir. Vitrinlərin sayı nə qədər çox olarsa, obyekt bir o qədər əlverişli hesab edilir”.
Ekspert bildirib ki, gələcəkdə obyektin bir neçə hissəyə bölünməsi imkanının olması da vacib məqamlardan biridir:
“Binanın neçənci ildə inşa edilməsi, qəzalı vəziyyətdə olub-olmaması da əhəmiyyətlidir. Həmçinin, obyektin keçmişi ilə maraqlanmaq məsləhətdir. O ərazidə əvvəllər hansı obyektlərin fəaliyyət göstərdiyi, əgər biznes fəaliyyəti üçün alınırsa, həmin obyektə bazarda nə dərəcədə tələbat olduğu müəyyən edilməlidir.
Ən vacib məqamlardan biri isə sonuncu fəaliyyət göstərən biznesin vəziyyətidir. Həmin biznesin neçə müddət fəaliyyət göstərdiyini, nə qədər müştəri qazandığını və obyektin bazarda tanınıb-tanınmadığını öyrənmək lazımdır”.
Günel Cəlilova


