Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana uçmaq üzrədir - AÇIQLAMA
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxana tamamilə yararsız haldadır.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Abdulla Abdullayev küçəsi, 2 ünvanında yerləşən yataqxana uçmaq üzrədir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planı – Yol xəritəsinə uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir:
“Yeni yaşayış sahələrinə qəzalı vəziyyətdə olan tikililərdə və ən ağır şəraitdə yaşayan məcburi köçkünlər mərhələli şəkildə köçürülürlər.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi, 2 ünvanında yerləşən 17 saylı yataqxanada yaşayan məcburi köçkünlərin vəziyyəti ilə Dövlət Komitəsinin rəhbərliyi və Sabunçu rayonu üzrə nümayəndəliyi maraqlanır”.
“Məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verilən zaman qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsinə qanunauyğun formada baxıla bilər”, - deyə məlumatda qeyd olunub.
İlhamə Əbülfət