Bakıda şadlıq saraylarından birində qonaqlara təqdim olunan ətdən hazırlanmış yemək şikayətlərdən sonra süfrədən yığışdırılıb.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Restoran və şadlıq saraylarında qida məhsullarının keyfiyyəti ilə bağlı vaxtaşırı müxtəlif narazılıqlar gündəmə gəlir. Bəs Azərbaycanda restoran və şadlıq saraylarında qida təhlükəsizliyinə nəzarət necə həyata keçirilir? Müəssisələr fəaliyyətə başlamazdan əvvəlk yoxlanılırmı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasənda deyib ki, ictimai nəzarətin zəifliyi və istehlakçıların hüquqlarının lazımi səviyyədə qorunmaması qida təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasını çətinləşdirən amillərdəndir:

“Bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün cəmiyyətin fəallığı artırılmalı, vətəndaşların qarşılaşdıqları nöqsanlara biganə qalmaması təşviq edilməlidir. Qida məhsullarının keyfiyyətinə nəzarət edən qurumların fəaliyyətində də boşluqların olub-olmaması araşdırılmalıdır. Restoran və şadlıq saraylarında baş verən bu cür hadisələr göstərir ki, qida təhlükəsizliyi sahəsində nəzarət mexanizmlərinin daha səmərəli işləməsinə ehtiyac var.
İstehlakçılar hər hansı şübhəli vəziyyətlə üzləşdikdə bunu gizlətməməli və aidiyyəti qurumlara dərhal bildirməlidirlər. Xüsusilə toy mərasimlərində ev sahibini narahat etməmək düşüncəsi ilə keyfiyyətsiz yeməklərə səssiz qalmaq düzgün yanaşma deyil”.
Ekspert xüsusi olaraq diqqətə çatdırıb ki, belə hallarla rastlaşan şəxslər elə hadisə yerindən AQTA-nın 1003 qaynar xəttinə müraciət edərək məlumat verə bilər:
“Problemlərin vaxtında üzə çıxarılması və araşdırılması üçün vətəndaşların məlumat verməsi, aidiyyəti qurumların isə bu müraciətlərə operativ reaksiya göstərməsi vacibdir. Cəmiyyətin fəal mövqeyi və məsuliyyətli nəzarət olmadan qida təhlükəsizliyi ilə bağlı nöqsanların qarşısını almaq daha da çətinləşəcək”.
Sevinc

