Azərbaycanda ən çox hansı suvarma üsulundan istifadə olunur?

ÖLKƏ
14:00 / 20.10.2026
175

Azərbaycanda kənd təsərrüfatında suvarma əkinçilik məhsuldarlığına birbaşa təsir edən əsas amillərdəndir.

Su ehtiyatlarından səmərəli istifadə və torpağın düzgün suvarılması fermerlər üçün xüsusi əhəmiyyət daşıyır. Bəs ölkəmizdə hazırda ən çox hansı suvarma üsulundan istifadə olunur? Bu üsulun üstünlükləri nələrdir və suya qənaət baxımından nə dərəcədə effektivdir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda hazırda ən geniş yayılmış suvarma üsulu səthi suvarmadır:

413292

“Bu üsula əsasən, suyun sahəyə buraxılaraq torpaq səthi ilə hərəkət etməsi nəticəsində bitkilərin suvarılması daxildir. Onun əsas formaları şırım və selləmə (basma) suvarmadır. 2020-ci ilin məlumatlarına əsaslanan araşdırmaya görə, ölkədə bu iki ənənəvi üsulun ümumi payı 89 faizdən çox olub. Bu üsulun əsas üstünlüyü tətbiqinin nisbətən sadə və ucuz olmasıdır. Fermerlər mürəkkəb avadanlıqlara, yüksək təzyiqli nasoslara və xüsusi boru sistemlərinə böyük xərc çəkmədən mövcud arx və kanallar vasitəsilə əkin sahələrini suvara bilirlər”.

Onun sözlərinə görə, bunun digər üstünlüyü müxtəlif tarla bitkilərində tətbiqinin mümkün olması, texniki xidmət tələbinin azlığı və mövcud suvarma infrastrukturu ilə uyğunluğudur:

“Lakin səthi suvarmanın ciddi çatışmazlıqları da var. Su kanallardan sahəyə çatdırılarkən və torpaq üzərində hərəkət edərkən itkilər yaranır, su sahəyə qeyri-bərabər paylana bilər. Normadan artıq suvarma torpağın şoranlaşmasına, bataqlaşmasına və münbitliyinin azalmasına səbəb ola bilər”.

Ekspert əlavə edib ki, Azərbaycanın su ehtiyatlarının məhdudluğu və suvarma suyunun əhəmiyyətli hissəsinin nəqletmə zamanı itirilməsi bu məsələnin aktuallığını artırır:

“Buna görə də müasir kənd təsərrüfatında damcı suvarma və yağışyağdırma sistemlərinin tətbiqinin genişləndirilməsi vacibdir. Xüsusilə damcı suvarma suyu birbaşa bitkinin kök zonasına verdiyindən su itkilərini azaltmağa imkan yaradır. Bununla belə, sistemin seçimi bitkinin növünə, torpağın xüsusiyyətlərinə, ərazinin relyefinə və ilkin investisiya imkanlarına uyğun aparılmalıdır”.

Sevinc

0