Ərazi hasarlanıb. Altımərtəbəli bina tikilib başa çatdırılıb. Hazırda mansartın tamamlanma işləri davam edir.
Görüntülər Xırdalandakı Koroğlu küçəsindəndir. Qaynar xəttə müraciət edən sakin mansartın qanunsuz artırıldığını və təhlükəsizliyin qorunmadığını iddia edib.
Görüntülərin lentə alındığı ünvana yollandıq. Koroğlu küçəsində mansart tikintisinin tamamlanma işlərinin görüldüyünün şahidi olduq. İnşası başa çatmaq üzrə olan yaşayış binasının üst mərtəbəsində ağır taxta konstruksiyaların heç bir qoruyucu tor və çərçivə olmadan açıq vəziyyətdə saxlanıldığı biz də görüntülədik. Yolu bu ünvandan keçən sakinlər bildirdilər ki, küləyin və yükün təsirindən hərəkət edən bu parçalar aşağıdakı piyadalar və nəqliyyat üçün ciddi risk yaradır.
İddialara aydınlıq gətirmək məqsədi ilə tikintini aparan "VESTOR PROJEST"MMC ilə əlaqə saxladıq. Bildirildi ki, 6 mərtəbəli mansardlı yaşayış binasının sonuncu mərtəbəsinin konstruksiya hissəsi xüsusi layihə əsasında tikilir. Həmin layihə təsdiqlənib. Binanın inşası zamanı layihədən kənar heç bir iş görülməyib. Təhlükəsizlik tədbirləri məqsədi ilə binanın ətrafı hasarlıb. Son tamamlama işləri aparıldığından təhlükəsizlik toru isə bir neçə gün əvvəl sökülüb.//Xəzər TV


