Bakıətrafı qəsəbələrdə köhnə avtobus problemi...

ÖLKƏ
15:39 / 22.10.2026
162

Bakıda ictimai nəqliyyatın yenilənməsi istiqamətində müəyyən addımlar atılsa da, paytaxtın bütün ərazilərində eyni mənzərə ilə qarşılaşmaq mümkün deyil.

Şəhər daxilində müasir avtobuslar sərnişinlərə xidmət göstərdiyi halda, Bakıətrafı kənd və qəsəbələrdən metrostansiyalara işləyən bəzi marşrutlarda hələ də köhnə nəqliyyat vasitələrindən istifadə olunur.

Xüsusilə gündəlik olaraq işə və təhsil müəssisələrinə getmək üçün bu marşrutlardan istifadə edən sərnişinlər üçün avtobusların texniki vəziyyəti mühüm əhəmiyyət daşıyır. Köhnə nəqliyyat vasitələrinin tez-tez sıradan çıxması səfərlərin gecikməsinə, insanların yolda qalmasına və gündəlik planlarının pozulmasına səbəb ola bilər.

Avtobusların köhnəliyi yalnız zahiri görünüşlə bağlı məsələ deyil. Nəqliyyat vasitəsinin texniki sazlığı, salonun vəziyyəti, havalandırma sistemi və sərnişinlərin rahatlığı da xidmətin keyfiyyətini müəyyənləşdirən əsas amillərdəndir. Xüsusilə yay aylarında isti, qışda isə soyuq hava şəraitində köhnə avtobuslarda səfər etmək sərnişinlər üçün daha çətindir.

İctimai nəqliyyatın keyfiyyəti yalnız şəhərin mərkəzində deyil, bütün yaşayış məntəqələrində eyni dərəcədə diqqətdə saxlanılmalıdır. Çünki sərnişinin harada yaşamasından asılı olmayaraq, onun təhlükəsiz, rahat və vaxtında mənzil başına çatmaq hüququ var.

Onu da nəzərə almaq lazımdır ki, Bakıətrafı kənd və qəsəbələrdə yaşayan əhalinin sayı kifayət qədər çoxdur və bu ərazilərdə ictimai nəqliyyata olan tələbat da getdikcə artır. Bu baxımdan, sakinlərin gündəlik gediş-gəlişini asanlaşdırmaq üçün mövcud marşrutların sayının artırılması, sərnişin sıxlığının nəzərə alınaraq avtobusların hərəkət intervalının tənzimlənməsi, eyni zamanda köhnəlmiş nəqliyyat vasitələrinin müasir və texniki cəhətdən saz avtobuslarla əvəzlənməsi vacibdir. Bu addımlar həm sərnişinlərin rahatlığını təmin edə, həm də Bakıətrafı ərazilərlə paytaxtın mərkəzi arasında nəqliyyat əlaqəsinin daha səmərəli təşkilinə kömək edə bilər.

Sevinc

0