“Mənə deputat Vahid Əhmədovun parlamentdə etdiyi çıxışın arqumentləri, səbəbləri maraqlıdır. Çünki bilmirəm, nəyə görə belə qənaətə gəlib ki, Zakir Həsənov Azərbaycan dilində danışa bilmir”.
Hit.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Abuzər Əbilov deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Ekspert vurğulayıb ki, deputatın belə qənaətə gəlməsi ciddi suallar doğurur: “Şəxsən mənim cəbhə bölgəsində, digər yerlərdə yerləşən hərbi hissələrdə, nazirliyin özündə Zakir Həsənovla görüşlərim olub, onunla söhbət etmişəm. Görüşlərdə ünsiyyətimiz başqa dildə olmayıb; nə rus dilində, nə ingilis dilində, nə də bir başqa dildə. Həmişə Azərbaycan dilində üsniyyət qurmuşuq. Mənim müşahidəmə görə Zakir Həsənov Azərbaycan dilində çox gözəl danışır. Mən düşünmürəm ki, Müdafiə naziri bu vəzifədə ola-ola Azərbaycan dilində səlis danışa bilməsin. Amma bir məsələ sual doğurur: deputat niyə bu qənaətə gəlib?”.
A.Əbilov bildirib ki, Azərbaycan dilini dərindən öyrənmək, səlis danışmaq hər bir Azərbaycan vətəndaşının borcudur: “Azərbaycan müstəqil dövlətdir və dövlət dili də Azərbaycan dilidir. Bu, nəinki Zakir Həsənova, hər bir Azərbaycan vətəndaşından məmuruna kimi hamıya aid olan şərtdir. Lakin insan peşəkardırsa, vətənpərvərdirsə, öz torpağını sevirsə, ola bilsin ki, digər səbəblərə görə Azərbaycan dilində səlis danışmasın. Bu onun mütəxəssisliyinə, vətənsevərliyinə, nüminəvi vətəndaş olmasına heç bir ziyan gətirmir. Bu gün orduda olan yaxşı mütəxəssislərin bir çoxu sovet məktəblərinin məzunlarıdır. Onlar sovet dövründə yaşayıblar, həmin məktəbləri bitiriblər. Həmin vaxtlar ailələr övladlarına rus təhsili verməkdə maraqlı idilər. Bu da sözsüz ki, Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra bir az çətinliklər yaratdı. Bu gün hərb elmi haqqında yazanda əsas mənbələr rus dilindədi, Azərbaycan Ordusunun silahlanmasının əksəriyyətini rus hərbi texnikası təşkil edir. Həmin rus texnikalarının taktiki-texniki xassələrini açıqlayanda, Azərbaycan dilinə uyğunlaşdıranda natamamlıq yaranır. Elə olur ki, bəzi terminlər heç tərcümə olunmur. Məsələn rus dilində “güllə atan” mənasını verən “pulemyot” sözü elə Azərbaycan dilində də “pulemyot”dur. Bu, dünya praktikasında da belədir.
Düşünürəm ki, Azərbaycan dilində çətin danışmaq, yaxud danışıqda hansısa dillərə müraciət etmək hərbçinin peşəkarlığına, onun peşə fəaliyyətinə, apardığı işə heç bir maneə yaratmır”.