Uşaq dünyaya gətirmək üçün sevmədiyin insanla belə ailə qurmaq, ərə gedən kimi "Bir şey-mir şey yoxdur ki?" sualı, xoşbəxt və rahat olmadığın evdə uşaq doğmaq məcburiyyəti, övladın olmadısa özünün də, ətrafının da səni sonsuz hesab eləməsi... Yəqin ki, bunların heç biri adi məişət narahatlığı deyil. Hamısının dərin psixoloji kökləri var. Ancaq görünən ondan ibarətdir ki, bu övlad həsrətini, onu sevgiylə yox, qorxuyla, təlaşla gözləməyin, "uşağım olmasa, nə edəcəm, daha yaşamağımın nə mənası var?" kimi sualların acısını övlad olandan sonra məhz onun özündən çıxarmağı bir borc bilirik. Elə ki uşaq bir az böyüdü, o, olmazdan əvvəl və sonra nə əziyyət çəkmişiksə, bircə-bircə bunun haqq-hesabını çəkirik. Bütün eqomuzu bu balaca və möcüzəvi varlığın üzərində sınayırıq: səni mən dünyaya gətirmişəm, səni mən böyütmüşəm, səni böyütməkdən ötrü nə əziyyətlər çəkmişəm, mən olmasam, sən də olmazdın, mən nə desəm odu, dediklərimi etmək sənin borcundu, südümü halal eləmərəm, haqqımı halal eləmərəm, məni ömür boyu kürəyində daşımalısan, çünki... çünki... çünki... Minnət... minnət... minnət!
Anaların çoxu ömrünü övlad yolunda fəda etmiş sayır. Ancaq bütün bunları etmisənsə, sevinə-sevinə etməlisən. Analıq iş deyil, borc deyil. Gec-tez bütün qadınlar ana olmağı borc, vəzifə kimi başa düşür. Elə buna görə də analıq kimi ülvi hiss yoxa çıxır, məşəqqətə çevrilir. Analıq vəzifə yox, ilahi dəyərdi. Bu dəyərə layiq olmaq, sahib çıxmaq üçün özünü xoşbəxt hiss etməlisən, hər hansı vəzifə başında yox. Əks halda övladınla arandakı doğmalıqdan, sevgidən əsər-əlamət qalmaz. Ondan hörmət gözlədiyin kimi, sən də ona qarşı sayğılı olmalısan. Əks halda sən onun ağası, o da sənin kölən sayılır. Övlad sənin malın, mülkün, varidatın deyil. Sən övladın yiyəsi deyilsən, anasısan. Rahat ol...
Əslində, ana övladı üçün etdiklərini heç vaxt dilinə gətirməməlidir. Nəinki dilə gətirmək, heç ağlına belə gətirməz, bu cür hiss etməz. Əksinə, sən də övladınla birgə yenidən doğulduğun üçün ona minnətdar olmalısan. Ona – o balaca adama var olduğu üçün təşəkkür et...
Övladın balaca bir quş kimidir, onu sev, onun uçmasına kömək et, onun yolunu aç. Ona hörmət elə, ona şəxsiyyət olduğunu xatırlat, ona güclü olduğunu hiss etdir. Sən onu ananın səni böyütdüyü kimi böyütmək məcburiyyətində deyilsən. Sən öz ürəyini dinlə, sən övladını hiss et, analığını hiss et.
Sənin sevgin övladının əl-ayağına dolaşmamalıdır, ona yük olmamalıdır, mane olmamalıdır. Sənin sevgin onun azadlığını əlindən almamalıdır. Sən övladına əmrlər verdiyin gün, özünə tabe etdiyin gün onu öz kölənə çevirirsən. Ona sərbəst insan olduğunu, önəmli olduğunu hiss etdir.
Heç kim övladının, balaca uşağın azadlığı haqqında düşünmək istəmir. Hələ uşaqdı, hələ balacadı... Bəs o nə vaxt öz azadlığı ilə tərbiyə olunacaq, azadlıqla rəftar etməyi bacaracaq? Övladın sənin gözündə hələ də uşaq qalması, həqiqətən də, onun böyüməsinə, yetkin insan olmasına mane olur. O, gələcəkdə öz qərarlarını özü verə bilmir, həmişə kimlərdənsə asılı olur, çətinliklər qarşısında aciz qalır. Qəfəsə salınmış quş kimi – necə uçacağını bilmir. Sevgi bu qədər təhlükəli olmamalıdır.
Bizim cəmiyyətdə isə bu sevgini belə izah edirlər: pişik balasını istədiyindən yeyir.
Məncə, bu deyimin çox dərin mənası var. Bir düşünün və balanızı çox istədiyinizdən “yeməyin”.
***
Əziz valideynlər, bu gün fürsətdir, heç olmasa bu gün övladlarınızın sizin üçün kim olduğunu düşünün, onları necə sevdiyinizi düşünün, insan kimi, şəxsiyyət kimi hansı xüsusiyyətlərə, həssaslığa, arzulara, xəyallara sahib olduğunu düşünün. Nə olsun balacadırlar, nə olsun ki, nəyin yaxşı, nəyin pis olduğunu, nəyin doğru, nəyin yanlış olduğunu bilmirlər. Evdən çıxanda onlardan hansı paltarı geyinmək istədiklərini soruşun, oyuncaq alanda hansı onlar üçün daha qəşəngdi, onu soruşun, yemək bişirəndə nə istədiklərini soruşun, sevginizi hiss etdirin, qucaqlayın, üz-gözündən öpün, əl-ələ verib mahnılar oxuyun, bərabər gülün, kitab oxuyun, gəzin, əylənin, söhbət edin, məsləhət alın onlardan. İndi deyirsiniz ki, bəyəm, biz övladlarımızı sevmirik, öpmürük? Hə, statistikaya çevrilən, sevgidən məhrum minlərlə uşaq böyüyür bu məmləkətdə...
Əzizlərim, uşağın dalınca qaçıb onun ağzına nəsə dürtüşdürmək, altdan-üstdən qıfıllamaq, cibinə xərclik basmaqla olmur bu işlər. Uşaqların dinlənilməyə, gözünün içinə baxılmağa, güvənilməyə ehtiyacı var. Onlar daxili dünyalarındakı rəngləri bizimlə paylaşmaq istəyirlər. Səslərini çıxaranda başlarından vurmayaq. Onları dinləyək, dinləyək onları. Çingiz Aytmatovun dediyi kimi, insanın ana vətəni onun uşaqlığıdır. Uşaqlarınızı vətənsiz qoymayın! Uşaqlarınızı himayəsiz, müdafiəsiz qoymayın!
Övladlarınızın hiss yaddaşında gözəl izlər buraxın, xoş xatirələr cəmləyin. Onları səbəst buraxacaq qədər, sərhəd qoymayacaq qədər sevin. Onlara azadlıq verin, sevgi verin, təbəssümünüzü verin, zamanınızı verin. Qoy onlar necə dəyərli bir varlıq olduqlarını hiss etsinlər, özlərini sevməyə, güvənməyə başlasınlar.
Uşaqlara verəcək heç nəyiniz yoxdursa, dünyanı verin, heç olmasa bir günlüyünə…
Sevinc Fədai