Uşaqlığını yaşamayan cəbhə uşağının bayramdakı tək arzusu: “Heç kəs ölməsin” (FOTO)

ÖLKƏ
15:44 / 01.06.2020
996

Dünya Beynəlxalq Uşaqların Müdafiəsi gününü qeyd edir. Fərqli məkanlarda, fərqli uşaqların tam fərqli arzuları valideynləri tərəfindən hədiyyə edilir gələcəyin böyüklərinə... Əlbəttə, uşaqların arzusu, məsum üzün sahiblərinin yaşadığı ölkədən, şəhərdən, kənddən asılı olaraq dəyişir. Bəzən həmin istəklər valideyn imkanlarının hüdudlarından çox uzaqlarda olur, bəzənsə həmin arzu körpələrin yaşadığı bütün ölkənin yaralı yeri, yaşadığı çətinlik olur.

Sizə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşən kəndlərdə yaşayan məsumlar, gül çöhrəli körpələr haqqında danışacağam. O körpələr ki, böyük şəhərlərdə yaşayan həmyaşlılarından fərqli olaraq hər gün güllə səsinə oyanırlar. O güllə ki, dinc əhaliyə tuşlanmış düşmən silahından atılır. Onun səsi burada yaşayan körpələri yuxudan kəm oyadır, qorxuya salır. Bu qorxu heç də nəticəsiz ötüşmür. Məhz silah səslərinin yaratdığı həyacan cəbhə kəndlərində yaşayan uşaqlarda erkən xəstəliklər, psixoloji travmalar yaradır.


Balaca Muradın 8 yaşı var. O, Ağdam rayonunun Çıraqlı kəndində yaşayır. Uşaqların Beynəlxalq Müdafiəsi günü haqqında məlumatı belə yoxdur. Kiçik cəbhə sakini işğalçı ordunun yaratdığı çətinliklərin qurbanıdır. Nə təhlüksiz oyun meydançası var, nə də valideynləri ilə çıxıb gəzə biləcəyi bir park... Ona uşaqların bayramı olduğunu deyirik, gözlərində təbəssüm yaranır, bir arzusu olduğunu öyrənmək istəyəndə isə o təbəssum yerini hiddət və kədərə verir:

“Mənim bir arzum var. Dünyada müharibə olmasın, uşaqları öldürməsinlər. Erməni əsgərləri buradan çıxıb getsin. İstəmirəm onlar güllə atanda mənim balaca qardaşım və bacım qorxsun...”, - deyir 8 yaşlı cəbhə sakini.


Murad böyüyəndə hərbçi olmaq istəyir. Faizlərin, Zəhraların ölməməsi üçün əlindən gələni edəcəyinə söz verir.


Yuxarıda qeyd etdiyimiz kimi bu gün bayramları olan körpələrin arzuları yaşadığı ölkədən, şəhərdən, kənddən asılı olaraq dəyişir. Amma yaşadıqları mühitin yaşatdığı çətinliklərdən aslı olmayaraq onlar məsum və safdırlar. Bu saflığı qorumaq böyüklərin üzərinə düşür. Qoruya bilirikmi?

0
Cebhe.info