Bərdə rayonunda anası və bacısını güllələyərək qətlə yetirən şəxs saxlanılıb.
HİT.Az xəbər verir ki, qətl hadisəsini törədərək hadisə yerindən qaçan Toğrul Zeynallı bu gün günorta saatlarında Bərdə rayon Polis Şöbəsinə gələrək təslim olub.
Saxlanılan şəxs Bərdə rayon Pokurorluğuna təhvil verilib.
Toğrul Zeynallı törətdiyi əməli etiraf edib. O, hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib.
İttihama görə, iyunun 1-də gecə saat 04 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin işirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirib.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
İlkin araşdırmalarla həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.