Bakı merinin keçmiş müavininin Rusiyadakı zavodu müflis olur 

ÖLKƏ
14:06 / 02.06.2020
1679

Rusiyanın Kareliya muxtar vilayətində fəaliyyət göstərən “Kareliya DSP” zavodunda ciddi problemlər yaranıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, zavoddan işçilərin kütləvi şəkildə işdən azad edilməsi başlayıb. Mayın sonlarında müəsssədə cəmi 270 işçi qalmışdı və son günlərdə onlaran daha 70 nəfəri işdən çıxarılıb.

Əlbətdə, Rusiyanın hansısa vilayətində hansısa zavodda problemlərin yaranmasının Azərbaycan oxucuları üçün heç bir dəxli olmaya bilər. Ancaq məsələ bundadır ki, zavod azərbaycanlı biznesmenlərə məxsusdur və onlardan xüsusən biri vaxtilə hamıya yaxşı tanış olan, amma son zamanlar yaxşıca yaddan çıxmış personadır. Bu haqda daha sonra. Hələlik zavodun problemləri barədə daha ətraflı bəhs etmək lazım gəlir.

Bu həmin Eldəniz Layıcovdur, masada sağdan ikinci, "Kareliya DSP" zavodunun yeni sahiblərindən biri qismində...

Bildirilir ki, Kareliyanın Pinduşi şəhər tipli qəsəbəsində yerləşən zavodda problemlər ötən ilin oktyabrından başlayıb. Maaşlar bir neçə günlüyə gecikib. Sonra gecikmə daha da uzanıb. Problemlərin yaranmasından bir il əvvəl müəssisəni “Segezha Group” adlı holdinqdən Moskvada qeydiyyatdan keçmiş “Lesprominvest” MMC şirkəti alıb. Həmin şirkət isə Azərbaycandan olan üç biznesmenə, o cümlədən bir Rusiya vətəndaşına məxsusdur.

Zavodun direktoru Nikolay Boqatıryev deyir ki, investorlar müəssisəni alanda planları böyük idi. Lakin istehsal olunan DSP plitələrini ancaq keçmiş sovet respublikalarından birinə satmaq mümkün olur. Rusiya bazarında bu məhsullar rəqabətə davam gətirmir.

İlin əvvəllərindən zavodun sexlərindən biri bağlanıb, mükafatları və əlavə maaşları kəsiblər. Təchizatçılar və işçilər qarşısında borc şişməyə başlayıb. Nəticədə aprelin 1-dən zavodun müvəqqəti bağlanması haqda qərar çıxarılıb, işçilər ödənişsiz məzuniyyətə buraxılıblar. Onlara aprel və may ayları üçün maaşlar ödənilməyib. Nəticədə bir çoxları işdən çıxıblar və özlərinə yeni iş axtarırlar.

 

Yerli hökumət zavoda işçilərin əmək haqqını ödəmək üçün subsidiya verməyə razıdır, amma təklif edir ki, müəssisə daha sanballı investorlara satılsın. Bildirilir ki, koronovirusla bağlı situasiya da zavodun işini bir tərəfdən çətinləşdirib. Anbarlardakı 25 milyon rubl dəyərindəki  hazır məhsulu satmaq mümkün deyil. İşçilər qarşısındakı borc isə 6.5 milyon rubldur.

Virtualaz.org Kareliyadakı həmin zavodun mülkiyyətçisi olan “Lesprominvest” MMC şirkətinin səhmdarlarını axtarıb. Rusiya hüquqi şəxslərinin Reyestrində yer alan məlumatlardan bəlli olur ki, həqiqətən şirkət Azərbaycandan olan üç biznesmenə məxsusdur. Belə ki, şirkətin səhmləri hərəsi 32 faiz olmaqla Ağakişiyev Elşən Allahverdi oğlu, Layıcov Eldəniz Yolçu oğlu və Şərifov Sahib Əziz oğlu arasında bölüşdürülüb. Qalan 4 faiz isə Kovalinski Arkadi Romanoviç adlı Rusiya vətəndaşına məxsusdur.

Həmin Layıcov Eldəniz Yolçu oğlu bir vaxtlar adının keçdiyi korrupsiya işinə görə mətbuata yaxşı tanış idi. E.Layıcov ötən əsrin 90-cı illərində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Rafail Allahverdiyevin müavini olub, ABŞ səfirliyi üçün ayrılmış ərazidə evlərin alqı-satqısı zamanı çoxsaylı vətəndaşları aldadıb və dələduzluq ittihamı ilə həbs edilib. Məhkəmə onun barəsində 2003-cü ilin sentyabrında hökm çıxarıb. Layıcov 2011-ci ilin mayında prezident İlham Əliyevin əfv sərəncamı sayəsində cəzasını tam çəkməmiş azadlığa çıxıb. Həbsdən çıxandan bir müddət sonra Azərbaycanı tərk edib.

Onun şəriki olduğu “Lesprominvest” MMC şirkəti Rusiyada meşə materiallarının tədarüükü və ixracı ilə məşğul olur. Habelə tikinti materiallarının, sanitar-texniki avadanlıqlarının satışını fəaliyyət sahələrindən biri kimi göstərib. Sıxtıvkar və Petrozavodsk şəhərlərində də filialları var.

Layıcovun digər şəriklərinin barəsində ətraflı məlumat yoxdur. Amma Şərifov Sahib Əziz oğlu adlı şəxsin Azərbaycanda “SFERA-99” MMC adlı müəssisənin direktoru olduğuna dair məlumatlara rast gəlinir.

0