Kriminal qruplaşmalar arasında baş verən qətllə bağlı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilən Zaur Zülfü oğlu İsmayılovun cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.
Hadisə 2018-ci il dekabrın 29-da Keşlə qəsəbəsində baş verib. Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevi və sərnişin Asif Bağırovu güllələyib. Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gedərək təslim olub və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olduğunu bildirib. 1991-ci il təvəllüdlü Tural Babayev hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
İlkin versiya belə idi ki, hadisə kriminal qruplaşmalar arasında “hesablaşma” zəminində olub. Hadisə baş verən zaman hüquq-mühafizə orqanlarından belə məlumat sızdırıldı ki, vaxtilə Rövşən Lənkəranskinin klanına daxil olmuş şəxs "Lotu Quli"nin adamını odlu silahla öldürüb. Araşdırma zamanı məlum olub ki, İsmayılov vaxtilə "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski, 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilmiş Tural Babayev isə digər "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) klanına daxildir. İddia edilirdi ki, münaqişəyə səbəb Babayevin təzyiq vasitəsilə İsmayılovu onların tərəfinə keçirməyə təhrik etməyə çalışması olub. İsmayılov isə Babayevin bu təhrikini qətiyyətlə rədd edib və cavabını onu fiziki cəhətdən aradan götürməklə verib.
İstintaqda isə hadisənin başqa səbəbdən baş verməsi ilə bağlı iddia səsləndirilib. Belə ki, təqsirləndirilən şəxs hadisənin kriminal hesablaşma olmadığını deyib. Bildirib ki, mərhum Turalla bir məhəllədə yaşayıblar. Həmin ərəfədə Tural həbsdən yeni çıxıbmış. Zaurun dediyinə görə, Tural həbsdən çıxandan sonra dostları ilə görüşüb. Məclisə çağırılan Zaura Tural irad bildirib. Deyib ki, həbsdə olan zaman onun yanına niyə gəlməyib? Zaur deyir ki, Tural ona buna görə 4 min manat "tas" qoyub. Bildirib ki, həmin məbləği çatdırmalıdır. Buna görə də tərəflər arasında bir neçə dəfə mübahisə olub. Həbs edilən Zaur deyir ki, artıq özü və ailəsi təhlükədə olub. Sonuncu hadisə baş verən gün isə ailəsini evdən göndərib. Zaur qardaşı ilə ailəsini qohumlarının evinə yola salıb. Bu ərəfədə isə Zaur evdə olan silahı hazır vəziyyətə gətirib. Qətlə yetirilən Tural isə dostu ilə birlikdə Zaurun maşınını təqib edib. Məhəlləyə qayıdanda isə Zaur əlində silahla Turalın idarə etdiyi maşını atəşə tutub. Zaur atəş aça-aça maşının ətrafında dövr edib. O, bütün istiqamətdən maşında olan şəxslərə atəş açıb. Daha sonra da silahı evə qoyaraq hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra isə polisə gedərək təslim olub. Hadisə zamanı güllə yaraları alan Asif hadisənin təfərrüatı barədə tam məlumatlı olmadığını deyib. Turalla Zaur arasındakı mübahisədən xəbərsiz olduğunu iddia edib.