Daha bir vəzifəli şəxs rüşvətə görə tutuldu (VİDEO)

ÖLKƏ
12:37 / 07.05.2020
3711

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsində vətəndaşlardan dövlət sosial yardım və pensiya təyin olunması müqabilində rüşvət tələb edilməsi barədə daxil olmuş əməliyyat məlumatı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Qurumdan Hit.Az-a verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə qeyd edilən qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

0