Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu dəfə keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin və ailəsinin sahib olduğu şirkətlərin siyahısını yayımlayıb.
HİT.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, sabiq nazirin ailə şirkətləri Rusiya, Litva, Panama, Azərbaycan, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edir:
"80-ci illərdə Azərbaycan komsomolunda və partiya işində müxtəlif vəzifələr tutan Qarayevin ulduzu 1994-cü ildən parlayıb və 1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm, 2006-cı ildən bu ilin may ayına qədər mədəniyyət və turizm naziri vəzifələrində işləyib.
Təkcə bu ayın 8-də DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı ortaya çıxan faktlar 26 il ərzində nazir kimi fəaliyyət göstərdiyi müddət ərzində Qarayevin topladığı sərvətin miqyasını təsəvvür etməyə imkan verir.
Cənab "gülümsərov"un mədəniyyətimiz hesabına "qazandıqları" daşınmaz əmlak şirkətlərinə gözəllik salonlarına, kənd təsərrüfatı sahələrinə, Allah bilir, hələ məlum olmayan daha hansı sahələrə yönəldilib.
Keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən "SQ-FUTURE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, MÜSLÜM MAQOMAYEV, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır.
Həmin ünvanda 2006-cı ilin martında Əbülfəs Qarayevin həyat yoldaşı KAZIMOVA LALƏ TOFİQ qızının təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən "YOL+İLK ELMİ-POPULYAR DƏRGİ REDAKSİYASI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİ qeydə alınıb. O, "Jazz Dostları” ictimai birliyinin də təsisçisidir.
Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən KL BODRUM EMLAK TİCARET VE Sanayi6 LİMİTED ŞİRKETİ-ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.
Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, otel, yaşayış binaları, villa və idman təsisatların sahib olmaq, işlətmək hüququ əldə edib.
Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımın sosial şəbəkələrdəki hesabında Bodrumdakı beşulduzlu Kuum otelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur.
Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. "TRIAT EXIRE" UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vülnüsdə Şaltinıy 22-də Qarayevıər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır.
Əbülfəs Qarayevin qızı Suad Qarayevanın təsisçisi olduğu daha bir daşınmaz əmlak şirkəti 2013-cü ildə Rusiya paytaxtında qeydiyyatdan keçib. QALS MMC (ГАЛС ООО) 20 min rubl nizamnamə kapitalı ilə Moskvanın Tatarskaya küçəsi 7 ünvanında hüquqi qeydiyyata alınıb. Baş direktoru Cəfərov Fərid Oqtay oğludur.
Şirkətin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Qarayev, Abulfas, Lalə və Suad.
Şirkət üzərindən Qarayevlər ailəsi Moskvada icarəyə verilmiş çoxsaylı mənzillərə, ticarət obyektlərinə sahibdir. Rusiya Federal Vergi Xidmətində QALS MMC-yə aid məlumatlarda qeyd olunur ki, şirkət 2018-ci ildə daşınmaz əmlak biznesindən 6.7 milyon rubl (təxminən100 min dollar) gəlir əldə edib, federal büdcəyə 430 min rubl vergi ödəyib.
Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şirkəti isə Azərbaycandadır. "GALS GALLERY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Vəzirova Liana Leonidovnadır. O, Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktorudur.
Muzey Mərkəzi "Rus muzeyi də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyəti öyrənmək və təbliğ etməkdir.
Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, YUSİF MƏMMƏDƏLİYEV, ev 14-də hüquqi qeydiyyatdadır.
Həmin ünvanda keçmiş nazirin xanımına məxsus "GALS BEAUTY AND SPA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2013-cü il mayın 3-də qeydiyyatdan Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb.
Lalə Kazımova bu şirkətə bağlı, Bakının mərkəzindəki "NailRoom" (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir.
Əbülfəs Qarayevin özü isə "otkat"lardan aldığı payını daha uzaqlara yatırmağa üstünlük verib. Onun və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun şərik olduğu RİMBA SA. offşor şirkəti 2004-cü ilin fevralında Panamada qeydiyyata alınıb. Adı "sivilizasiyadan, mədəniyyətdən uzaq, cəngəllik" anlamına gələn şirkətin 2005-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş nümayəndəliyi isə bu yaxınlarda ləğv edilib.
2015-ci ildə Əbülfəs Qarayevin qızı Suad Qarayeva - Maleki ilə ailə quran İran əsilli Britaniya vətəndaşı Şəhriyar Maleki də bu izdivacdan sonra Azərbaycanda iri biznesə sahib olub. O, 2016-cı ildən Bakıda "COLAB" biznes mərkəzlərinin şərikidir. Paytaxtda iki ünvanda - NEFTÇİLƏR PR. 151-də PORT BAKU MALL-da və Time Business Mərkəzində hər biri 1000 kvadratmetrlik iki böyük iş mərkəzlərində ofislər, seminar və konfrans salonları icarədədir.
Keçmiş nazirin kürəkəni 2016-cı ilin noyabrında Azərbaycanda GREEN FARMS AZERBAİJAN MMC şirkətini də qeydiyyatdan keçirib. Şirkətə aid saytda qeyd olunur ki, o, Green Farms International şirkətinin Azərbaycan üzrə nümayəndəliyidir.
Əbülfəs Qarayevin nazir kimi nüfuzu sayəsində GREEN FARMS AZERBAİJAN MMC 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyətindən 5 min hektar torpaq sahəsini olduqca aşağı qiymətə 49 illik icarəyə götürüb. //www.greenfarms.az/
Həmin ərazi Qarayevlərin və qohumlarının nəzarətinə keçənə qədər qışlaq sahəsi olub və yerli əhali tərəfindən təyinatı üzrə istifadə edilib. Əbülfəs Qarayev 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə bu ərazinin əkin sahəsi kimi istifadə olunmasına və qudasının Maltadakı şirkətinin nəzarətinə verilməsinə nail olub.
İcarə müqaviləsinə imza atan keçmiş icra başçısı, Əbülfəs Qarayevin yaxın dostu Mahir Quliyev aprelin 29-də DTX tərəfindən saxlanılıb.
Biləsuvarda böyük torpaq sahələrini ələ keçirən GREEN FARMS INTERNATIONAL LTD 2016-cı ilin oktyabrında Maltada qeydiyyatdan keçib. Maltadakı şirkətin təsisçisi isə Əbülfəs Qarayevin Avstriya və Monako vətəndaşı olan İsgəndər Malekidir. O, 2016-cı ilin iyunundan Maltada daha bir şirkətin AS LIMITED-in səhmdarıdır. Şirkətin digər səhmdarı qismində ADINOTEC LTD offşor şirkəti çıxış edir.
İsgəndər Maleki vaxtilə İngiltərənin ən nüfuzlu iş adamlarından olub. Onun, xanımı Fatimə Malekinin və Şəhriyar Maleki 1991-2009-cu illərdə Britaniyada çoxsaylı maliyyə şirkətlərinə rəhbərlik edib, neft treyderi kimi tanınıb, sonrakı illərdə biznesində durğunluq yaranıb.
Malekilər ailəsi dünyanın ən bahalı tarixi incəsənət nümunələrinin kolleksiyaçıları kimi də məşhurlaşıblar. Onlar Londonda Əbülfəs Qarayevin qızının çalışdığı və tarixi əsərlərin hərrac yolu ilə satışa çıxarıldığı Sotheby's incəsənət auksionunun daimi müştəriləridir. Güman ki, Qarayevlərin Malekilərlə qohumluğu da burdan başlayır.
Ümumiyyətlə Sotheby's hərracında Azərbaycana aid tarixi mədəniyyət əsərlərinin satışa çıxarılıb-çıxarılmadığının çox ciddi araşdırmaya ehtiyacı var.
Londondakı auksionda hərraca çıxarılan nümunələrlə buradan tanış ola bilərsiniz:
//www.sothebys.com/en/search-results.html?query=azerbaijan