Azərbaycan Ordusunda son illərdə nələr və necə dəyişib? (FOTOREPORTAJ)

ÖLKƏ
15:22 / 07.05.2020
4586

“Azərbaycan Ordusu digər ordulardan fərqli olaraq sülh dövründə formalaşmayıb. Ona görə də döyüşkən ordu sözünü məhz elə Azərbaycan Ordusuna aid etmək lazımdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Ordusunun inkişaf mərhələlərini şərh edərkən hərbi ekspert Ramil Məmmədli deyib.

O, Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündən hazırki dövrə kimi hansı mərhələlərdən keçməsindən, hansı şəraitdə formalaşmasından, maddi-texniki təminatından, ənənəvi döyüş vasitələrinin mərhələli formada modern silah-sursatlarla əvəzlənməsindən, yeni hərbi hissə və şəhərçiklərin tikintisindən, köhnələrin müasir tələblər səviyyəsində təmirindən və bütün bunların ordunun döyüş qabiliyyətinin artırılmasındakı rolundan danışıb:

 

 

R.Məmmədli xatırladıb ki, Azərbaycan Ordusu keçmiş sovet respublikalarının bir çoxundan fərqli olaraq müharibədən doğub. Azərbaycan Ordusunun ilk briqadasının – 701 saylı ilk hərbi hissəsinin ilk taboru Şəhidlər xiyabanında and içərək Şuşanın, Malıbəylinin müdafiəsinə yollanıb. Onların bir hissəsi də Daşaltında şəhid olublar: “Hansısa bir ölkənin adını çəkmək istəmirəm. Lap deyək ki, Qazaxıstan, Ukrayna, Belarus orduları ilə keçmiş SSRİ respublikaları ilə fərqimiz odur ki, bizim əsgərimiz ütülü, səliqə-səhmanlı hərbi hissələrlə deyil, xidmətini cəbhədən, döyüş postlarından başlayıb.

Ümumiyyətlə, Azərbaycan Ordusunun inkişafını 4 dövr üzrə səciyyələndirmək olar.

 

 

Birincisi, 1991-1996-cı illər. Ordunun yaranması, formalaşması dövrü.

İkincisi, 1996-2004-cü illər. Ordunun strukturlaşması, eyni təcrübələrdən istifadəetməsi mərhələsi.

Üçüncüsü, 2004-2014-cü illər. Bu mərhələni Azərbaycan Ordusunun texniki imkanlarının gücləndirilməsi istiqamətində ciddi addımlar atılan dövr kimi qəbul etməliyik. Hesab edirəm ki, bu müddəti Azərbaycan Ordusu üçün daha müasir silahların alınması baxımından xüsusi bir dövr hesab etmək lazımdır. Həmin dövrdə ordunun silahlanmasına daxil olan və bu gün bizim müasir silah kimi istifadə etdiyimiz PUA-lar (pilotsuz uçuş aparatları) və digərlərinin alınması üçün müqavilələr imzalanıb. Eyni zamanda ənənəvi ordudan tam təminatlı müasir orduya keçid və müasir hərbi texnikaların əldə olunması üçün sənədlər imzalanaraq icra olunub.

 

 

Dördüncüsü, 2014-cü ildən bu günə qədər olan dövr. Bu dövrü isə Azərbaycan Ordusunun modern ordu kimi formalaşması mərhələsinə keçidi kimi dəyərləndirmək lazımdır.

Bunun da əsası məhz 2013-cü ildə general-polkovnik Zakir Həsənovun Müdafiə naziri təyin edilməsindən, Müdafiə Nazirliyinin rəhbər heyətində aparılan dəyişikliklərdən sonra qoyulub. Həmin dövrdən Silahlı Qüvvələrində yeni müasir qaydalardan istifadə edilməsi, əsgər-zabit münasibətinin dəyişdirilməsi, həmçinin müəyyən uğurların əldə olunması üçün ciddi addımlar atıldı. Bütün bunlar 2014-cü ildən başladı. Bu dövrdə Azərbaycan Ordusu cəmiyyətdə də öz imicini dəyişdirə bildi. Azərbaycan Ordusu özünü düşmənə döyüşkən ordu olaraq göstərə bildi. Regiondakı rəqib və dost ölkələr də Azərbaycan Ordusu ilə bağlı məlumat əldə etdilər.

 

 

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun hərb tarixinin özünütəsdiqi oldu. Azərbaycan Ordusunun 2014-cü ildən başlayan yeniləşmə dövrü 2016-ci il ildə düşmən üzərinə əks-həmlə hücumları ilə özünü yeni formada nümayiş etdirdi. Həmin dövrdə ordumuz müdafiə olunan ordu imicini, hücum edən və öz imkanlarını daim səfərbər etmiş ordu imici ilə əvəzlədi. Bu, Azərbaycan cəmiyyətində də sevinclə qarşılandı. Xatırlayıram, həmin tarixi günlərdə mülki insanlar hərbi komissarlıqlara, cəbhə bölgəsinə axışıb orduya dəstək göstərmək üçün cəhdlər edirdilər. Şəhid olan Azərbaycan əsgərləri minlərlə insanın izdihamı ilə dəfn olunurdu”.

 

 

Ekspert bildirib ki, son illərdə Azərbaycan Ordusunun maddi-texniki imkanları genişlənib, yeni hərbi hissələr, şəhərciklər, təlim mərkəzləri tikilib istifadəyə verilib: “Bu fərqləri mütləq qeyd etmək lazımdır. Sadəcə vətənpərvərliklə və yaxud da döyüş ruhuyla hansısa qələbəni əldə etmək mümkün deyil. Texniki imkanları gücləndirmək lazımdır, yoxsa sən yalnız canlı hədəf ola bilərsən. Buna görə Azərbaycan dövləti ciddi addımlar atıb. Azərbaycan Ordusu sovet ordusunun hərbi kontingentinin bazasında yarandığına görə Azərbaycan müstəqillik əldə edəndən sonra bu hərbi hissələri özü tikməmişdi və hərbi hissələrdəki yenidənqurmanı sıfırdan başlamadı. Bizim artıq sovet ordusundan qalmış hərbi hissələrimiz var idi. Biz hərbi texnikaları da mərhələli şəkildə sovet ordusundan almaqla Azərbaycan Ordusunun texniki imkanlarını gücləndirdik. Bu dövr çox çətin dövr idi. Silah, mərmi, patron və s. çatışmazlığı vardı. Artilleriya birləşmələrimiz yox dərəcəsində idi. Şəxsi heyətin formalaşması ilə bağlı təlim bazalarımız çox zəif idi. Zabit heyəti çox az idi, hətta bəzi cəhbəboyu istiqamətlərdə mülkidən gəlmiş adamlar, qısa müddətə gizir rütbəsi alan şəxslər var idi ki, onlar bölük, tabor komandirləri idi. Belə faktlar çoxdur, əslində, bu, pis deyil. Çünki ordu yeni yaranmışdı, imkanlar zəif idi. Həmin dövrlərdə Azərbaycan Ordusu ilkin olaraq özünə yaxın ölkələrdən, xüsusilə də Ukraynadan külli miqdarda silah və hərbi texnika əldə etdi. Hətta HHQ-nin imkanlarını da MİQ-29-lar sayəsində gücləndirdi. Ötən əsrin 90-cı illərinin sonu 2000-ci illərin əvvəlində Türkiyə və İsrail ilə imzalanan müqavilərlərdən əldə etdiyimiz müasir texnikalarla ordumuz təmin olundu.

 

 

Yeni hərbi hissələr tikilir, yataqxanalar istismara verilir. Qışlalar (kazarma) hərbçilərin müasir tələb və ehtiyaclarının nəzərə alınması şərtilə tikilir. Hər kazarmada tələblərə uyğun olaraq yataq və iş yerləri olur. Cəbhəboyu zonada yerləşən bir neçə yeni iri hərbi hissədə görülən işlər göz önündədir. Yeni tikililərlə tanış olmaq və tikintinin keyfiyyətini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbər heyəti daim inşa edilən obyektlərə baş çəkir. Ölkə Prezidentinin göstərişinə əsasən, cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatı yoxlanılır, rəhbərlik hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verir.

 

 

Köhnə idman ayaqqabılarının əsgər çəkməsi ilə, mülki geyimin xidməti forma ilə əvəzlənməsi. Ordunun yarandığı ilk dövrlərdə orduda çox ciddi problemlər vardı. Orduya gələnlər köhnə idman ayaqqabbısında, sıradan bir mülki çəkmədə döyüşlərə gedirdi. Birində dəbilqə olurdu, digərində yox. Bu, kütləvi hal almışdı. Qidalanma isə, demək olar ki, yox dərəcəsində idi. 60-cı illərdə saxlanma anbarlarında olan ətləri alıb əsgərlərə verirdilər. Bu da, təbii ki, keyfiyyətsiz qidalanma deməkdir. Hərbi hissələrdə anti-sanitariya, gigiyena məsələlərində çox ciddi problemlər var idi. Bu problemlər mərhələli şəkildə həll olundu. 2014-cü ildən Azərbaycanda yeni hərbi bazalar, hərbi hissələr, şəhərçiklər inşa olunmağa başladı. Son beş ildə onlarla yeni hərbi hissə tikilib ordunun istismarına verilib. Yüzlərlə müxtəlif təyinatda olan hərbi hissələr əsaslı təmir edilib”.

 

 

R.Məmmədli vurğulayıb ki, son illərdə görülən müsbət işlərdən bir də orduda “Açıq qapı” günlərinin keçirilməsidir: “Hərbi hissələr bütün əsgər valideynlərinə, yaxınlarına açıqdır. Bu gün Azərbaycanda vətəndaşlarına hərbi xidmətdə olan övladlarını görmək üçün bütün şərait yaradılır. Bayram günlərində gedib övladlarının yatdığı yataqxanaya baxa bilirlər. Koronavirus pandemiyasına görə “Açıq qapı” günlərinə müvəqqəti fasilə verilib. Vəziyyət sabitləşəndən sonra hərbi hissələr yenə də valideynlərin, əsgər yaxınlarının üzünə açıq olacaq”.

 

 

Ekspert deyib ki, hazırda Azərbaycan Ordusunun inkişaf tempi çox yüksəkdir: “Bunu pafosdan uzaq, tam səmimi fikir kimi söyləyirəm. Bu gün istər ön, istərsə də arxa cəbhədə Azərbaycan əsgərinin geyimi, qidalanması, yataqxana şəraiti, gigiyenası, hamamı və digər təminatı ilə bağlı qətiyyən problem yoxdur. Özüm də dəfələrlə hərbi hissələrdə olmuşam və vəziyyəti görmüşəm”.

0