Gürcüstan-Azərbaycan sərhədləri: Aranı kim qatır? 

ÖLKƏ
15:00 / 04.06.2020
1850

“Artıq Dövlət Sərhəd Xidməti də Keşikçidağ məsələsi ilə bağlı açıqlama yayıb. Biz yenidən Gürcüstandan Azərbaycana qarşı təxribatların şahidi oluruq. Bu təxribatların mənbəyinin hamısı Gürcüstanda deyil, biz bunu bilməliyik. Gürcüstan xüsusi xidmət orqanlarının bu ilin aprel ayında 2019-cu illə bağlı açıqladığı hesabatda da göstərildi ki, keçən il Azərbaycanla olan Keşikçidağ insidentində xarici qüvvələrin əli olub, onlar müxtəlif siyasi partiyalar və hərəkatlarla Azərbaycana qarşı və iki ölkə arasında münasibətlərin pozulmasını məqsəd güdən təxribatçı qruplardan istifadə ediblər”.


HİT.Az xəbər verir ki, Gürcüstandan Azərbaycana qarşı təxribatlar barədə Teleqraf.com-a danışan Bakı Politoloqlar klubunun sədri, Prezident yanında İdarəçilik Akdemiyasının politoloqu Zaur Məmmədov belə deyib.

Onun sözlərinə görə, Azərbaycan sərhədçiləri ötən il çox soyuqqanlı şəkildə gürcü təxribatçıların qarşısını alıb:

“Məqsəd Gürcüstan və Azərbaycan arasında münasibətlərin korlanması, Gürcüstandan daha çox Azərbaycana təzyiqlərin edilməsidir. Biz bu təxribatlarda bir neçə ölkənin rol oynadığını deyə bilərik. Əsasən də ermənilərin buradakı iştirakını vurğulamaq istəyirəm. Biz iki ölkənin bu gərginliyi aradan qaldırmaq üçün aktiv şəkildə rol oynadığını görürük.

“Gürcü Marşı”, Leyboristlər Partiyası kimi təşkilatların və etnik qrupların adları artıq məlumdur. Onların arxalarında kimin dayandığı aydındır. Həmin qüvvələr ötən il Keşikçidağla yanaşı, Batumidə Türkiyəyə qarşı “Gürcü marşı” təşkil etmişdilər. Maraqlıdır ki, bu gün Gürcüstan ərazilərini işğal edənlərə qarşı heç bir addım atmayan şəxslər, habelə ermənilərin Gürcüstanın 300-dən çox kilsəsinə iddiasının olmasına baxmayaraq, onlara səslərini çıxarmayanlar bu dəfə də Azərbaycana qarşı təxribata əl atdılar”.

Zaur Məmmədov qeyd edib ki, indiki məqamda Azərbaycana qarşı ciddi təzyiqlərdən söhbət gedir:

“Azərbaycan hakimiyyəti azad və müstəqil şəkildə siyasət yürüdür. Görünən budur ki, bu siyasət bəzi qüvvələrin və bir sıra xarici ölkələrin maraqlarına cavab vermir. Azərbaycanda aparılan kadr və siyasi islahatlar bəzi paytaxtlarda qıcıq yaradır, bu səbəbdən də onlar sərhədlərdə təxribatlara əl atırlar. Gürcü Pravoslav patriarxlığı ayrı-ayrı paytaxtlarla sıx münasibətlərə malikdir. Patriarxlığın ötən il və bu gün Keşikçidağla bağlı gördüyü işlər əsl təxribatdır. Təkcə Gürcüstandan yox, son zamanlarda Ermənistanın Qazax istiqamətində də təxribatlarının şahidi oluruq. Həmin paytaxtlar sərhədlərdə təxribatlara əl atmaqla, Azərbaycana qarşı təzyiq etmək istəyirlər. Bunlar kifayət qədər ciddi və həssas məqamdır.

Sərhədlərdə baş verən belə təxribatlar Gürcüstan və Azərbaycan xalqları arasında nifaq sala bilər. Eyni zamanda bu təxribatlar ölkə daxilində də təşkil edilə bilər ki, bu günlərdə həmrəy olmağımıza ehtiyac var”.

Politoloq Ermənistan rəhbərliyinin bu təxribatlarda oynadığı rola da diqqət çəkib:

“Maraqlıdır ki, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra ən çox səfər etdiyi ölkə Gürcüstandır. O, Gürcüstanın Ermənistanla daha da yaxınlaşmasını arzulayır. Ermənilər Gürcüstanı Azərbaycan və Türkiyənin yanından uzaqlaşdırmaq və təxribat törətməkdə maraqlıdırlar”.

1
Teleqraf.com