Baş infeksionistdən koronavirusla bağlı ciddi xəbərdarlıq

ÖLKƏ
13:11 / 12.05.2020
3757

Əgər koronavirusa yoluxan xəstələrin sayı çoxalarsa, o zaman həkimlər kimin yaşayacağı və kimin öləcəyi barədə seçim qarşısında qalacaqlar.

HitşAz xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, hər kəsin qaydalara, tövsiyələrə əməl etməsi vacibdir ki, həkimlər seçim qarşısında qalmasınlar.

“Dalğavari artım və düşmələr epidemiyanın gedişində mümkün olan variantlardır. Respublikada yoluxanların sayına görə hələ katostrafik göstəricilər yoxdur. Amma yenə də bütün insanların verilən tövsiyələrə əməl etməsi vacibdir. Əgər xəstələr çox olarsa, biz də seçim qarşısında qala bilərik. Ona görə də bütün vətəndaşlar, istər koronavirusa dırnaqarası baxanlar, istərsə də ciddi baxanlar, hər kəs tövsiyələrə ciddi əməl etməlidir”.

C.İsayev bildirib ki, gənclər təkcə özlərini deyil, yaxınlarını, yaşlı qohumlarını, xəstəliyi olan insanları da düşünsünlər.

“Biz onlardan tövsiyədə olandan başqa heç nə tələb etmirik. Maska taxmaq, sosial məsafəni gözləmək, sanitar-gigyena qaydalarına əməl etmək lazımdır. Bu, əlifba qədər asandır. İnsanlar bilir ki, xəstəliyi hamı kliniki əlamətləri ilə keçirmir. Kliniki əlamətləri olmayan, sağlam insan kimi özünü hiss edən koronavirusa yoluxmuş xəstələr də var. Onlar epidemioloji cəhətdən çox təhlükəlidir. Bunu nəzərə alaraq, hər kəsin qaydalara əməl etməsi vacibdir ki, həkimlər seçim qarşısında qalmasın”.

Baş infeksionist əlavə edib ki, hələlik ölkədə koronaviruslu xəstələrin müalicəsinin öhdəsindən gəlinir, lakin bu vəziyyət dəyişə bilər və heç kim bundan sığortalanmayıb.

 

1
Azvision.az