“Yumşalma barədə qərara epidemioloji durum imkan verirdi”.
HİT.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Operativ Qərargahın tibbi bölməsi tərəfindən çoxsaylı tibbi-metodik göstərişlər hazırlansa da, bu göstərişlərə əməl edilməyib: “Bu, ikinci dalğa deyil. Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik. Sərt karantin rejimindən çıxan zaman statistik göstəricinin gözləmədiyimiz istiqamətdə getməyinin şahidi oluruq”.
R. Bayramlı nəzərə çatdırıb ki, həftənin cümə günü dövlət qurumlarında qısaldılmış iş günü tətbiq olunacaq: “Cümə günü dövlət müəssisələri saat 2-ə kimi işləyəcək. Ancaq insanlar bunu bayram etməsinlər. Bu, insanların restoranlara, əyləncə mərkəzlərinə axın etməsi üçün deyil, onlar ərzaq ehtiyaclarını təmin etsinlər. Özəl müəssisələrə də iş saatlarını saat 14.00-a qədər bitirməyi tövsiyə edirik”.