Dağlıq Qarabağdakı “prezident seçkiləri”ndən sonra separatçı rejimin “inaqurasiya” mərasimini Şuşada keçirməsi və Ermənistanın Baş naziri Nikol Paşinyanın da həmin tədbirə qatılması Azərbaycanda qəzəblə qarşılandı. Cəmiyyət həmin tədbiri pozmaqla bağlı Azərbaycan hakimiyyətinə çağırış etdi, Paşinyanın helikopterinin vurulmasından tutmuş Şuşanın bombalanmasına qədər müxtəlif təkliflər səsləndirildi.
Rəsmi Bakı isə yalnız bəyanatla kifayətləndi ki, bu da müxtəlif mülahizələrə yol açdı. Bəziləri bunu Azərbaycan ordusunun hazırlıqsız olması, bəziləri isə ölkə rəhbərliyinin dünya güclərindən ehtiyat etməsi ilə əlaqələndirdi. Hətta bunu mövcud hakimiyyətin işğal olunmuş torpaqlarımızı azad etməkdə maraqlı olmaması ilə izah edənlər də tapıldı.
HİT.Az xəbər verir ki, Yenisabah.az hələ də dartışılan bu mövzu ilə bağlı keçmiş korpus komandiri, ehtiyatda olan generel-leytenant Yaşar Aydəmirovla söhbətləşib.
- Yaşar müəllim, Şuşadakı “inaqurasiya”nı pozmaq, erməni təxribatını hərbi müstəvidə cavablandırmaq, yaxud təklif olunduğu kimi Paşinyanın helikopterini vurmaq lazım idimi?
- Mən siyastəçi deyiləm, hərbçiyəm. Ona görə də məsələyə siyasi aspaketdən deyil, hərbi nöqteyi-nəzərdən yanaşacağam. Bir hərbçi kimi əlbəttə istəyərdim ki, o “tədbir”i pozaq, hətta Paşinyanın helikopterini vuraq və bu prosesi inkişaf etdirərək qısa müddətdə torpaqlarımızı işğaldan azad edək. Bütün hərbçilər bunu istəyir. Xalq da bu fikirdədir. Amma məsələnin siyasi tərəfi də var axı.
- Hərbçilər, xalq müharibə istəyir, amma belə iddialar var ki, hakimiyyət istəmir...
- Siz doğrudanmı belə hesab edirsiniz? Doğrudanmı düşünürsünüz ki, Prezident bunu istəmir? Belə düşünənlər yanılırlar. Təbii ki, Ali Baş Komandan da bunu istəyir. Amma axı beynəlaxalq birlik, böyük güclər var. 2016-cı ildə “Aprel döyüşləri”ndən bir neçə ay sonra Prezidentin çıxışı oldu. O bəyan elədi ki, böyük dövlətlər Azərbaycanı müharibə etməyə qoymur. Təxminən 6 aydan sonra o yenə bu fikirlərini təkrarladı.
Bir məqamı diqqətinizə çatdırım. Ali Baş Komandan indiyə qədər deməyib ki, biz torpaqlarımızı sülh yolu ilə azad edəcəyik və siz də gedin sülhə hazırlaşın. Əksinə, o, həmişə deyib ki, müharibəyə hazırlaşın, əmri gözləyin. Əmr verən odur. Məsələnin siyasi tərəfini daha yaxşı bilən də odur. Sözsüz ki, bu hadisə hamıya təsir edir, amma Azərbaycanın addımlarından sonra nə baş verəcəkdi, hansı fəsadlar yaranacaqdı, böyük güclərin reaksiyası necə olacaqdı, bu suallar açıq qalır. Bu barədə də düşünmək lazım idi.
Mən yalnız onu deyə bilərəm ki, Azərbaycan Ordusunun zərbə endirməyə hər cür imkanı var. Ona görə də məsələni dərindən bilmədən, təhlil etmədən populist fikirlər səsləndirmək lazım deyil. Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində bu hadisəyə qiymət verdi, Prezident də Tərtərdə səfərdə olarkən bu məsələ ilə bağlı mövqeyini ortaya qoydu.
- Hesab edirsiniz ki, yalnız bəyanat kifayət edirdi?
- Hərbçi kimi mən istərdim ki, zərbə endirilsin. Tək mən deyil, bayaq dediyim kimi bütün hərbçilər bunu istəyir. Amma sonra nə olacaqdı, onu nəzərə almaq lazımdır.
- Nə baş verə bilərdi sonra?
- Mən siyasətçi deyiləm. Gəlin sizə bir misal çəkim. Xatırlayırsınızsa, rəhmətlik Heydər Əliyevin prezidentliyi dövründə İranın hərbi təyyarələri Azərbaycanın hava sərhəddini pozmuşdu, Abşeronda dövrə vurmuşdu. Bizim qırıcılar da onları müşayiət etdi, amma vurmadı. O zaman da deyirdilər ki, niyə həmin təyyarələrə niyə vurulmadı? Ulu öndər qoymadı. Amma sonra nə oldu? Türk şahinləri Azərbaycan səmalarında göründü. Abşeron və Gəncə üzərində bir neçə saatlıq uçuşlar həyata keçirildi. Beləliklə, mesaj verildi ki, Azərbaycanla kimin işi olacaqsa, Türkiyə Hərbi Hava Qüvvələri ilə üzləşəcək.
Yəni, bəzən diplomatik üsullarla da lazımi mesajlar verilir və aqressor susdurulur. Konkret olaraq Şuşadakı hadisəyə gəlincə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı və Prezidentin fikirləri ilə buna siyasi qiymət verdi. Ermənistanın Dağlıq Qarabağla bağlı yürütdüyü siyasəti heç zaman qəbul etməyəcəyini bir daha dünyaya göstərdi.
- Sizcə, Azərbaycan ordusu hazırda torpaqları qısa müddətdə işğaldan azad etməyə qadirdirmi?
- Bəli. Kim belə düşünmürsə, deməli, nə ordunu sevir, nə də Azərbaycan xalqı haqqında bilgisi var. Azərbaycanın hərb tarixində Babək, Şah İsmayıl, Nadir şah kimi fenomenal şəxslər olub. Yaxın keçmişdə isə bizim Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həzi Aslanov kimi generallarımız olub. İndi də Azərbaycan Ordusunda hərb sənətini dərindən bilən generallarımız, polkovniklərimiz var.
Digər tərəfdən, Azərbaycan ordusu dünyanın az sayda ordularından biridir ki, yeni silahlar alır, özü silah istehsal edir. Azərbaycan Ordusunun arsenalında müasir silahlar çoxluq təşkil edir. Bu silahlar texnoloji cəhətdən inkişaf edən ölkələrdən alınır. Doğrudur, Azərbaycan Ordusunun arsenalında köhnə silahlar da olub. Amma həmin silahların çoxu modernləşdirilib. Hansı silahları ki, müasir tələblərə cavab verən səviyyəyə gətirmək mümkün olmayıb, arsenaldan çıxarılıb.
Əgər ordu yeni silahlarla təmin olunmursa, o inkişaf edə bilməz. Azərbaycan isə yeni silahlar almağa qabil ölkədir.
Bir məsələni də nəzərə alın. Azərbaycan döyüş atışları, irimiqyaslı hərbi təlimlər keçirir. Bu, asan proses deyil, yəni, təlimlər elə-belə başa gəlmir. Burda heyətin hazırlaşması, texnikanın cəlb olunması və s. məsələlər var. Bu təlimlər 1 milyona başa gəlmir. Hər mərminin, güllənin, raketin öz qiyməti var və bu 50, 100, 500 manat deyil. Hər dövlət bunu edə bilmir.
Azərbaycan Ordusunun üstünlüklərindən biri də döyüş qabiliyyətinə malik vəzifələrdə əsgərlər deyil, peşəkar ordunun tələblərinə cavab verən MAXE və gizirlər təmsil olunur. Onları artıq öyrətmək lazım deyil. Çünki xidmət keçib öyrənib bu vəzifələrə yiyələniblər. Hərbi texnikandan istifadə qaydalarını mükəmmək bilirlər. Məsələn, tank taborunda mexanik belə, əsgər deyil, MAXE, yaxud gizirdir. Hətta pullu ölkələrin ordularında belə deyil. Çünki bunun üçün həddindən artıq vəsait lazımdır.
- Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ölkə başçısına müraciət edərək bildirmişdi ki, Müdafiə naziri təyin ediləcəyi təqdirdə 6 aya torpaqlarımızı işğaldan azad edəcək...
- Əli Əliyev cənablarına deyirəm ki, Müdafiə Nazirliyində elə generallar, polkovniklər var ki, Qarabağı ondan da tez azad edə bilər. Biz sadəcə əmr gözləyən adamlarıq. Ordunun döyüş qabiliyətini niyə aşağı salırlar ki? Aprel döyüşlərində Azərbaycan tərəfdən iki istiqmətdə bir bölmə iştirak etdi. 400-450 nəfərlik heyətlə qısa müddətli hərbi əməliyyatlar aparıldı. Onu da deyim ki, bu nə hücum, nə də əks hücum deyildi, bu, əks həmlə idi. Amma erməni tərəfi duruş gətirə bilmədi.
İndi təsəvvür edin, hərbi birləşmələrimiz əməliyyatlara başlasa nə baş verər. Ona görə də tam arxayın olun ki, Azərbaycan Ordusu qısa müddətdə Qarabağı ala bilər. Demirəm ki, 5 günə İrəvana gedib çıxacağıq. Amma qısa müddətdə torpaqlarımızı işğaldan azad edə bilərik. İri miqyaslı hərbi əməliyyatlar başlasa, erməni tərəfi davam gətirə bilməyəcək. Buna şübhəniz olmasın.
- “Aprel döyüşləri”ndən söz açdınız. Bu döyüşlərdə itkilərimizlə əldə olunan nailiyyətin disbalans təşkil etdiyini və bu baxımdan əməliyyatın uğursuz olduğunu iddia edənlər var...
- Baxın, əgər bölmə iki istiqamətdə əks-həmləyə keçibsə, təbii ki, hər bir komandir ora artileriya cəmləyəcək. Onlar da elə etmişdi. Bu halda təbii ki, itki olacaqdı. Amma itkilər deyildiyi qədər deyil. Qarşı tərəf daha çox itki verib. Mən hələ onların çoxsaylı hərbi texnikalarının sıradan çıxarılmasını demirəm. Məsələn, onlar tank taborunu göndərmişdilər. Bizimkilər tərpənəni vurdular. Bu döyüşlərdə düşmən ən müasir silahlarla sözün həqiqi mənasında susduruldu.
İrimiqyaslı əməliyyatlar keçiriləndə ermənilər bundan da dəhşətli siruasiya ilə üzləşəcklər. Onlar hərbi texnikanı, birləşmələri bütün istiqamətlərdə cəmləşdirə biləcəklərmi? Xeyr, bu imkanları yoxdur. Amma Azərbaycan Ordusunun belə imkanı var. Dəqiq vuran silahlarımız var. Yenə misal çəkəcəm. Ermənilərin generalı “Cip”lə gələndə uçuş aparatlarımız bu məlumatı verdi, dərhal əmr gəldi, raket atıldı və düz hədəfi vurdu. Bu müasir silahlardır, “gördüm və vurdum”.
Mən anlamıram ki, niyə biz öz nailiyyətlərimizə qısqanclıqla yanaşırıq?! Qeyri-peşəkarların, hərbi sahəyə bələd olmayanların dediklərini əsas götürürük? Biri deyirdi 200 nəfər itki vermişik, başqa biri 300 nəfər yazırdı. Axı sən azərbaycanlısan, niyə həqiqətdən uzaq şeylər deyirsən, yazırsan?!
Təsəvvür edin, mənə deyirdilər ki, top var 170 kilometr məsafədən hədəfi vurur. Mən başa sala bilmirdim ki, a kişi belə top yoxdur. Yaxud deyirdilər ki, “Aprel döyüşlər”ində xeyli sayda itki vermişik. Deyirdim axı sənin hərbidən anlayışın yoxdur, niyə bu sözləri deyirsən?! Mən çox istəyərdim ki, ordumuza, onun nailiyyətlərinə qısqanclıqla yanaşmayaq. Ordu bizim hamımızındır.
- Bu günlərdə millət vəkili Vahid Əhmədov Müdafiə naziri Zakir Həsənovu və Baş qərargah rəisi Nəcməddin Sadıqovu tənqid etdi...
- Bilirsiniz, mən siyasi diskusiyalra qatılmaq istəmirəm. Sadəcə deyirəm ki, ordu barədə, onun rəhbərliyi barədə belə danışmaq lazım deyil.
- Nöqsanları da demək lazım deyil?
- Nöqsanları mediada açıqlamaq olarmı? Elə bir ordu varmı ki, orada nöqsan olmasın? “Dedovşina” sovet ordusunda da var idi, ABŞ ordusunda var. Yaxud Türkiyə hərbi əməliyyatlar keçirəndə itkilər verir. Niyə belə olur? Əlbəttə ki, hansısa səhv üzündən. Hər şeyə diqqət etmək mümkün deyil axı. Mən deyirəm ki, ordumuzu neqativ simada təqdim etməyək. Yenə də deyirəm, o bizim hamımızın ordusudur. Əgər problem varsa, rəsmi şəkildə müraciət etmək olar.
- Məgər rəsmi şəkildə müraciət edəndə problem dərhal həllini tapır? Bu cür düşünməyənlər də var və onların sayı az deyil...
-Siz istəyirsiniz ki, 22-23 ilə bütün problemlər həll olunsun?
- Mümkün deyil ki?
- Ordu varsa, problem olacaq. Axı orduda xidmət edənlərin hamısı eyni tərbiyəyə, təfəkkürə malik deyillər. Müxtəlif düşüncəli, tərbiyəli adamlar cəmləşiblər orda. Bu vəziyyətdə təbii ki, problemlər də olacaq. Amma əmin olun ki, müraciət edəndə bu faktlar araşdırılır. Bəzən şəxsən cavab verilir, bəzən ictimai şəkildə, bəzən isə heç cavab verilmir. Amma bu o demək deyil ki, problemə biganə yanaşılıb. Ordu elə bir strukdur ki, orada hər şey dəqiqliklə araşdırılır. Buna əmin ola bilərsiniz.