DTX və prokurorluğun saxladığı şəxslərin həbs müddəti uzadılıb

ÖLKƏ
10:49 / 05.06.2020
995

Bakıda qanunsuz olaraq valyuta mübadiləsi aparmaqda suçlanan şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini ibtidai istintaq orqanının təqdimatına əsasən uzadıb.

Məlum olub ki, hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan külli miqdarda gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun məlumatına görə, daxil olmuş əməliyyat məlumatları əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə operativ əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “Amrahbank” ASC-nin paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Azadlıq” filialının inzibati binasında icarəyə götürdükləri otaqda qanunsuz olaraq valyuta mübadilə əməliyyatlarının aparıldığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq filial rəhbərinin razılığı ilə qeyd edilən ünvana keçirilmiş baxış zamanı bankın kassasından kənar şəkildə qanunsuz mübadilə fəaliyyətində istifadə olunan ümumilikdə 697 min ABŞ dolları, 345 min manat, 85 min avro, 280 funt sterlinq, 10 milyon Rus rublu, 19 min Türk lirəsi, 7 min BƏƏ dirhəmi, 3 min Səudiyyə Ərəbistanı realı və digər xarici ölkə valyutası, eləcə də qara mühasibatlıqda istifadə olunmaqla dövriyyə ilə əlaqədar əlyazma qeydlərinin aparıldığı kitabça aşkar edilərək maddi sübut kimi götürülüb.
İlkin araşdırmalarla həmin bankın işçiləri olmayan Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadənin qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) almadan qanunsuz olaraq valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmalarına və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

0