Elxan Məmmədov gizli şirkətini kimin adına rəsmiləşdirib? - ARAŞDIRMA

ÖLKƏ
10:11 / 06.06.2020
1517

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun daha bir gizli şirkəti üzə çıxıb.

Hit.Az-ın verdiyi xəbərə görə, bu barədə sportinfo.az saytının araşdırmasında bəhs edilir. Həmin araşdırmanı təqdim edirik:

Elxan Məmmədovun illər əvvəl yaratdığı, adını və idarəçilərini tez-tez dəyişdiyi «Agrosport» stadionlar və qolf meydançalarının tikintisi, futbol meydanlarının yenidən qurulması, ictimai yerlər və şəhərətrafı ərazilərdə dizayn işləri yerinə yetirilməsi, o cümlədən, eksklüziv landşaft dizaynının işlənib hazırlanması, rulonlu qazon və əkin materiallarının istehsalı və satışı üzrə ixtisaslaşıb.

Futbol meydançası mürəkkəb texniki obyektdir, belə ki, onun tikintisi zamanı layihələndirmə, yerin seçilməsi, geoloji tədqiqatlar, həmçinin master plan və sxematik qərarların qeydləri üzrə obyektin quruluşu kimi məsələlərə peşəkar yanaşma tələb edilir.

«Agrosport» iddia edir ki, bütün növ və səviyyələrdə oyun meydançaları üçün səth örtüklərinin yaradılması ilə bağlı xidmətlərin tam spektrini təmin edə bilər.

Şirkətin xidmətlərinə yeni meydançalar üzrə dizayn, tikinti və idarəetmə işləri və mövcud obyektlərin, o cümlədən, istilik sistemi, suvarma və drenaj sisteminin yenidən qurulması daxildir.

Elxan Məmmədovun «krişa»lıq etdiyi «Agrosport» dünyanın müxtəlif bazarları üzrə «misilsiz bilik və təcrübəsi» ilə öyünür: «Futbol klublarına, sərmayədarlara və strategiya üzrə əlaqədar təşkilatlara məsləhətlər vermək üçün biz bundan istifadə edirik. Sahibkarlar və sərmayədarlar öz biznes modellərini inkişaf etdirmək üçün təcrübəmizdən istifadə edirlər».

«Agrosport» gördüyü işlər barəsində rəsmi saytı vasitəsilə kifayət qədər geniş məlumatlar verir, fotolar paylaşır. Fəqət uzun-uzadı materiallar içərisində şirkətin tarixi və rəhbərliyi haqda bircə cümlə belə, yoxdur.

Odur ki, araşdırmanı davam etdirib, bəzi məlumatların kainantına çatdıq. Məlum oldu ki, şirkət Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində 2015-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı cəmi 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi 16, ev 50-dir.

Gözlədiyimiz kimi, Elxan Məmmədov «Agrosport»u özünün, yaxud ailə üzvlərinin, qohumlarının adına sənədləşdirməyib.

Təsisçi və baş direktor kimi Əlizadə Fərman Xaqani oğlu göstərilib. Bəs bu adam kimdir?

Öz çevrəsində «Badam Fərman» kimi tanınan Fərman Əlizadə AFFA-nın icraçı vitse-prezidenti və baş katibinə yaxın birisidir. O. E.Məmmədovun rusdilli və özünü elitar hesab edən dostlarının sırasına illər əvvəl qoşulub.

Əlizadə hələ «Agrosport»dan əvvəl FSM (Football System Menejment) şirkətində çalışıb. Sıradan bir aqronom kimi. Monopolist Məmmədov onu sonradan yeni şirkətinin başına gətirib. Sadəcə, bunu məcburiyyət qarşısında edib.

FSM-də şəriklərindən biri olan Murad Nağıyev ona həm burada, həm də E.Məmmədovun digər şirkəti «Kitpro»da külli miqdarda pul atıb. Qeyri-rəsmi məlumatlara görə, hazırda Londonda yaşayan və işləyən Nağıyev AFFA-nın baş idarəçisinin 1 milyon manatdan artıq vəsaitinin «arxasına keçib».

Təbii ki, 1 qəpiyə belə göz dikən Elxan Məmmədovu milyonluq itki yandırıb-yaxır, içini sızıldadır. Elə isə niyə səsini çıxarmır? Bəli, məcburiyyətdən və qorxu hissinin yaratdığı təşvişdən dolayı.

Başa düşür ki, səsini çıxarsa və ya kommersiya məhkəmələrinə üz tutsa, bu, böyük səs-küy yaradacaq. Və yatmışlar da oyanacaq. O isə barəsində və ətrafında belə söz-söhbətlərin olmasını, məlumatların yayılmasını qətiyyən istəmir, arzulamır.

Digər tərəfdən, məlumudur ki, Murad Nağıyev balaca fiqur deyil, arxa-dayaqları yetərincə çox və güclüdür. İşdir, onunla rəsmi müstəvidə qarşı-qarşıya gəlsə, keçmiş dostu və portnyoru «açacaq sandığı, tökəcək pambığı».

Axı o, Məmmədovun gizli biznes dünyası haqda ən məlumatlı şəxslərdən biri və birincisidir. Çoxillik tanışlıq münasibətlərinə bu şəkildə son qoyan Nağıyev arxayındır ki, indən belə 50 il keçsə də, Məmmədov üstünə gəlməyəcək, ortalıqdan yox olan vəsaiti ondan geri istəməyəcək.

E.Məmmədov həmin puldan əlini üzdüyündən, bir daha özünü dağa-daşa salmayıb. Kənardan ona bir neçə namizəd nişan verilsə də, «Agrosport»un rəhbərliyinə bu sahənin içində olan şəxsi - Fərman Əlizadəni gətirib.

Necə deyərlər, Murad Nağıyev məsələsində başı daşdan-daşa dəyən baş katib riskə getmək istəməyib, dostları içində barmağını qəlyan həvəskarı kimi tanınan Əlizadənin üzərində saxlayıb.

0