Əsgərin özünü öldürməsi ilə bağlı cinayət işi başlandı 

ÖLKƏ
15:53 / 08.05.2020
1891

Bakıda 19 yaşlı əsgərin özünü öldürməsinə görə cinayət işi başlanılıb.

Hit.Az xəbər verir ki, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev bildirib ki, prokurorluğa daxil olmuş sözügedən məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir. 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. 

Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəsissəsində baş verib. Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. Alnından güllə yarası alan əsgər 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

0