Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu gündən küçəyə çıxmaq qadağası tətbiq olunur. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir. Qərara əsasən, bu müddət ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Koronavirus pandemiyasına qədər ölkəmizdə zaman-zaman qısamüddətli sərbəst hərəkətin məhdudlaşdırılması, küçəyə çıxma yasağı tətbiq edilib. Müstəqillik ərəfəsində ilk fövqəladə vəziyyət, komendant saatı 1990-cı il 20 Yanvar hadisələri zamanı elan edilib. Həmin il yanvar ayının 15-də “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa vilayətlərdə fövqəladə vəziyyət elan edilməsi haqqında” SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı qüvvədə idi. Sovet qoşunlarının Bakıya hücumundan sonra ictimai asayişi qorumaq, hüquqa zidd hərəkətlərin qarşısını almaq, vətəndaşların həyatının təhlükəsizliyini, müəssisə və idarələrin işini təmin etmək məqsədi ilə 1990-cı il yanvarın 20-si saat 23.00-dan etibarən Bakıda da komendant saatı tətbiq edilib. Komendant saatı yanvarın 21-i səhər saat 6-dək qüvvədə qalıb.
Bundan sonra Ermənistanın Azərbaycana təcavüzü gücləndiyinə görə, 1990-1993-cü illər ərzində Dağlıq Qarabağ və ətraf rayonlarda vaxtaşırı fövqəladə vəziyyət rejimi tətbiq edilib.
1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzünün davam etdiyi müddətdə ölkəmizdə olduqca ağır vəziyyət hökm sürürdü. Mövcud durum nəzərə alınaraq, 1993-cü il aprelin 3-dən etibarən bütün ölkə ərazisində 60 gün müddətinə fövqəladə vəziyyət elan olunub. Nəticədə hərəkət sərbəstliyinin məhdudlaşdırılması, nəqliyyat vasitələrinin hərəkətinə qadağalar, ciddi yoxlanışlar tətbiq edilib. İnsanlara yalnız xüsusi saatalarda küçəyə çıxmağa icazə verilib.
Qazax rayonunda isə 1993-cü il yanvar ayının 27-dən etibarən 1 ay müddətində fövqəladə vəziyyət tətbiq edilib. Bunun səbəbi zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar, qanunsuz silahlı dəstələrin hərəkətləri nəticəsində vətəndaşların həyatı üçün təhlükə yaranması idi.
1994-cü ilin oktyabr ayında ölkədə vəziyyətin gərginləşməsi, dövlət çevrilişi cəhdlərinin baş qaldırması Bakı və Gəncə şəhərlərində qısamüddətli fövqəladə vəziyyətin elan edilməsinə gətirib çıxardı. O zamanölkəyə rəhbərlik edən Heydər Əliyevin müvafiq fərmanlarına əsasən, həmin il oktyabrın 4-də Bakıda, oktyabrın 11-də isə Gəncə şəhərində fövqəladə vəziyyət elan edilib.
Azərbaycanda sabitliyin bərqərar olduğu son 26 il ərzində qısamüddətli hərəkətin məhdudlaşdırılması tətbiq edilsə belə, fövqəladə vəziyyət elan edilməsinə qədər irəliləyən durum mövcud olmayıb. Yalnız bu ilin mart ayında koronavirus pandemiyası ilə əlaqədar xüsusi sərtləşdirilmiş karantin rejimi tətbiq edildi. Artıq üçüncü aydır ki, vaxtaşırı müxtəlif yumşaldılmalar olmasına baxmayaraq, ölkədə karantin rejimi qüvvədə qalır.