Bakıda təşviş doğuran görüntülər

ÖLKƏ
16:26 / 12.05.2020
1657

Azərbaycanda koronavirus pandemiyasına görə ictimai yerlərdə sosial məsafənin saxlanılması tələb olunsa da, əksər hallarda buna əməl olunmur. Bu mənada ən bərbad durum bankların, bankomatların qarşısıdır.

Sputnik Azərbaycan-ın apardığı müşahidələr zamanı da bankların qarşısında vətəndaşların sosial məsafə saxlamadığı, mövcud karantin qaydalarına əməl etmədiyi məlum olub. Şərifzadə küçəsində yerləşən "Bank Respublika"nın qarşısında qələbəlik idi. İnsanlar sosial məsafə gözləmədən bankın qapısının qarşısına toplaşmışdılar. Eyni küçədə "Unibank"ın bankomatlarının da qarşısı insanlarla dolu idi. Burada vətəndaşlar nəinki sosial məsafəyə diqqət edir, bankomatdan pul çıxartmaq üçün nəfəs-nəfəsə dayanmışdılar.

İnsanlar Bakıda bankın qarşısında növbə gözləyirlər

Gülxarə Məmmədova adlı Bakı sakini bankomatın qarşısında növbəlilik prinsipinə əməl olunmadığını, ona görə məcbur qalıb insanların sıx dayandığı yerdə durduğunu söyləyir. "Bank Respublika"nın Səbail rayon şöbəsinin qarşısında da eyni vəziyyəti müşahidə etdik. Burada bankomatın qarşısında adam əlindən tərpənmək mümkün deyildi. Paytaxtda bir neçə ünvanda yerləşən bank və bankomatların qarşısında da eyni vəziyyət hökm sürürdü. Müşahidələr zamanı o da məlum oldu ki, bir neçə gün öncə bankların qarşısında insanların sosial məsafəyə əməl etməsi üçün polis nəzarəti olsa da, bu gün nəzarət, demək olar ki, yox idi. Müştərilər sosial məsafəyə əməl etmədən xidmət almaq üçün bankların qarşısına toplaşmışdılar.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bankların və bankomatların qarşısında hazırki vəziyyət koronavirusun yayılmasını sürətləndirəcək:

"Mən özüm də bankların qarşısındakı vəziyyətin şahidiyəm. İnsanlar bu cür münasibət göstərməklə karantindən çıxmağımızı ləngidəcəklər. Biz mütləq şəkildə karantindən çıxmaq üçün tələb olunan qaydalara əməl etməliyik. Amma gənclər maska taxmır, deyirlər ki, "mənə heç nə olmayacaq". Ola bilər ki, gənclərə heç nə olmasın. Lakin insan ancaq özünü fikirləşməməlidir. Onların hər birinin evində, ətrafında yaşlı insanlar var.

Banklarda da toplaşan insanlar arasında ən azı iki metr məsafə olmalıdır. Açıq məkan olsa belə, 10 nəfər toplaşıbsa, mütləq iki metr məsafə saxlanılmalı, tibbi maska taxılmalıdır. Amma biz bankların qarşısında əks vəziyyəti müşahidə edirik. Nə maska taxan var, nə də ki sosial məsafə saxlayan. Bu gedişlə biz karantindən çıxa bilməyəcəyik. Virusa yoluxma ilboyu davam edə bilər. Ona görə də, karantindən çıxmağımız üçün tələblərə əməl etməliyik!"

2
Sputnik.az