Jurnalistlər binasında 2 nəfərin koronaya yoluxması xəbəri təsdiqlənmədi (YENİLƏNİB)

17:18 / 08.06.2020
2139

Bu gün jurnalistlər binasında 2 nəfərin koronavirusa yoluxması barədə Hit.Az saytında dərc olunan xəbər təsdiqini tapmayıb.

Hit.Az-ı məlumatlandıran mənbə jurnalistlər binasında bir ailənin koronaya yoluxduğunu bildirsə də, ad çəkməyib. Telefonla zəng edən mənbə "Xalq.az" saytının baş redaktorunun həyat yoldaşının yoluxduğunu bildirsə də, əməkdaşı səhvən bunu "Xalq qəzeti" kimi anlayıb. Buna görə də hazırlanan xəbərdə yanlışlıqla "Xalq qəzeti"nin sabiq redaktor müavini, hazırda təqaüddə olan Afət Sadiqoğlunun və həyat yoldaşı Xuraman xanımın yoluxması haqqında yazılıb.

Xəbər dərc edildikdən sonra, redaksiya ilə əlaqə saxlayan, daha sonra redaksiyaya təşrif buyuran Afət Sadiqoğlu və həyat yoldaşı, bu xəbərdən ailələrinin və yaxın qohumlarının bərk narahat olduqlarını bildiriblər: "Bizim ailədə heç kimdə belə yoluxma faktı qeydə alınmayıb. Yayılan xəbər isə bizdə və yaxınlarımızda ciddi narahatlıq yaradıb".

Yaranan narahatçılığa görə redaksiya onlardan üzr istəyib.

Qeyd edək ki, "Xalq.az" saytının baş redaktoru Zaur Mirzəzadənin həyat yoldaşının koronavirusa yoluxduğu faktı artıq təsdiqlənib.

1