Polis bizi özümüzdən qoruyur! (FOTO)

15:06 / 08.06.2020
1098

İki gündür baş verənləri izləyib, səssiz qala bilmərəm.

Bir anlıq düşünün ki, ailə üzvünüz ağır xəstədir. Təcili yardım çağırmısınız. Məhəllədə bir cavan oğlan da təcili yardıma yol vermək əvəzinə siqaret çəkir və təcili yardıma mane olur. Bu anda təcili yardımdakı həkimlər maşından düşüb o cavanı yoldan çəkmək istəyir. Bu anda qonşunuzun biri qışqırır ki, gəlin əlimizdəki zibilləri həkimlərin başına ataq və atırlar. Həkimlərin və Sizin başınız qarışır bu hay-küyə və təcili yardımdakı xəstəniz ölür. Bundan sonra şəxsən Sizin və qohumlarınızın təcili yardıma yol verməyən cavan oğlana və həkimlərin başına zibil atan qonşularınıza cavabınız nə olacaq? 

Xəstənizi öldürən qonşularınızı qınayacaqsınız, yoxsa əzizinizi müdafiə edən həkimləri? 

Bəlkə siqaret çəkən cavan oğlana haqq qazandıracaqsınız?

Keçirəm mətləbə.

Polislər robot deyil. Onlar da şuuru və ürəyi olan bizim kimi insanlardır. Bu günlərdə polisin çiyninə ağır yük düşüb. Həm polis, həm də həkim olmağa məcbur qalıblar. Polisin də ailəsi, uşağı, yaşlı ata-anası var. Polisin də qohumları arasında bu virusu tutanlar, hətta bundan ölənlər var. Amma polis bu günlərdə bizi tək cinayətkardan yox, həm də özümüzdən qorumağa çalışır. Çünki bu dəfə elə bir bəlaya düşmüşük ki, özümüzün özümüzə elədiyini cinayətkar edə bilmir. 

Rəsmən laqeydlik və lağlağa ilə bir-birimizə virusu keçirdir və öldürürük. 

Qatil olmağımızdan utanmaq yerinə, vicdan əzabı çəkmək əvəzinə bizi qorumağa çalışanları qınayırıq!

Əminəm ki, başı onsuz da qarışıq olan polisin bizə bu qarışıqlıqda həkimlik, müəllimlik hətta dayəlik etmək üçün ürəyi getmir. Sadəcə polisin dövlətçilik tərbiyəsi bizdən daha yüksək olduğu üçün bəzən bizi qorumaq üçün heç bizim özümüzdən də fikir soruşmamalı olur!

Sizcə polis bizdən imtina etsə, bizi qorumasa, daha yaxşı olardımı?

Əgər qorunmaq istəyiriksə, biz də qorumalıyıq!

Ən azından polisimizə dəstək olaq sözümüzlə!

Ozal MƏMMƏDOV
Sfera.az saytının baş redaktoru

1