Dünən Yasamal rayonunda bir nəfərin karantin qaydasını pozduğu üçün saxlanılan zaman bina sakinlərinin polislərin üzərinə balkonlardan zibil torbaları atması sosial şəbəkələrdə ciddi tənqid olunub. Vətəndaşlar məsələyə reaksiya verərək bunun düzgün addım olmadığını bildirərək polisin qərarları icra etdiyini, xidmət apardığını bildirirək insanlara da karantin qaydalarına əməl edərək evdə qalmağa çağırış ediblər.
Bu gün səhər saatlarında Çevik Polis Alayının geniş əməliyyat qrupunun həmin binalarda keçirdiyi saxlanma zamanı davranışı tənqidi fikirlərin onların üzərinə yönəlməsinə səbəb olub.
Polis əməkdaşlarının mənzillərə daxil olaraq dünənki etirazda iştirak etdiyində şübhələnilən şəxsləri yatdığı yerdə yarıçılpaq formada saxlayıb evdən çıxarması narazılığa səbəb olub. Sosial şəbəkələrdə yayılan əməliyyat videolarından birində 5-6 polisin evə daxil olması və qadınların onlara “evdə uşaq var, qorxar” deməsinə baxmayaraq yataq otağına girərək şübhəli şəxsi yarıçılpaq halda saxlaması tənqidlə qarşılanıb.
Dünən zibil atanları tənqid edib polisi müdafiə edən vətəndaşlar bu gün polis əməkdaşlarının bu hərəkətinə narazılıqlarını bildiriblər. Sosial şəbəkə istifadəçiləri reaksiyalarda “sanki zibil atan yox, terrorçu saxlanılır” deyə tənqidi fikirlər səsləndiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis həmin şəxslərlə qanun çərçivəsində davranıb: “Terrorçu kimi davranılmayıb. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının üzərinə eyvanlardan müxtəlif məişət əşyaları atıblar. Polisin araşdırmaları zamanı həmin şəxslər müəyyən olunub, polis də həmin şəxsləri məsuliyyətə cəlb edib. Qanunun polisə verdiyi səlahiyyətlər çərçivəsində polis hərəkət edib”.