Sumqayıtda böyük yaşayış massivi susuz qalıb - PROBLEM

17:26 / 08.06.2020
967

"Yaşıl dərə”yaşayış massivində su problemi öz həllini tapmır.

Sumqayıt şəhəri Yaşıl dərə massivi, Dəmiryol vağzalı ətrafında yaşayan sakinlər 1 həftədir susuzluqdan əziyyət çəkirlər.

Hit.Az xəbər verir ki, bu barədə Xeberle.com-a massiv sakini Vüsal Hətəmov məlumat verib.

V. Hətəmov deyir ki, rəsmi qurumlar xətlər köhnə olduğunu və yenisinin çəkilməli olduğunu bəhanə edirlər: "Halbuki yüzlərlə ailə 460 manatdan pul yığıb su qovşağına qoşulmuşuq, amma yenə də yay aylarında su üzünə həsrətik. Ceyranbatan su hövzəsinin kənarında yerləşirik. 2 gün dükan-bazar da bağlı oldu,ailə-uşaqlarımızı içməli su ilə təmin edə bilmədik. Şəhərdə aparılan abadlıq-quruculuq işlərinə Sumqayıt Sukanal İdarəsi kimi qurumlar kölgə salır. İyirmi birinci əsrdə yaşayırıq, amma hələ də su üzünə həsrətik. Kanalizasiya xidməti olmadığına baxmayaraq sakinlərdən 55 qəpik su-kanalizasiya pulu yığılır”.

Bəs görəsən massiv sakinlərinin su problemi nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsi ilə əlaqə saxlanıb. İdarənin Qəza-bərpa

işləri üzrə sahə rəisi Rövşən Orucov Xeberle.com-a açıqlamasında problemdən xəbərdar olduqlarını və sakinlərin su təchizatının yaxşılaşdırılması istiqamətində işlər görüldüyünü bildirib: ""Bəli, sakinlər düz deyirlər, artıq neçə vaxtdır ki, adıçəkilən qəsəbədə su zəif gəlir. İndi bağ mövsümüdür. Suya tələbat artıb. Bizim tərəfdən massivə verilən suyun təzyiqinin güclü olmasına baxmayaraq belə olan təqdirdə təzyiq aşağı düşür. Əraziyə baxış keçirilib, yaşayış massivinə yeni su xətlərinin çəkilməsinə başlanılıb. Bu tədbirlər başa çatandan sonra yaranan problem aradan qaldırılacaq”.

1