Ölkədəki anomal istilərin kəskin fəsadları nədir?- AÇIQLAMA

ÖLKƏ
20:48 / 08.06.2020
1467

“Ürək çatışmazlığından əziyyət çəkənlər isə həddən artıq yüksək temperaturda daha çox mənfi təsirə məruz qalırlar”.

Bu sözləri havanın iqlim şəraitindən yüksək olmasının insan orqanizminə təsiri barədə Lent.az -a danışan həkim infeksionist Vüqar Bağırov deyib.

Əvvəllər qeydə alınan virusların araşdırılması zamanı məlum olub ki, isti havalar onların yoxa çıxmasına səbəb olur. Son zamanlar isə ölkə ərazisində anomal istilərin və iqlim şəraitinin normadan yüksək olduğunu nəzərə alsaq, bunun “COVİD-19” virusunu da öldürəcəyi fərziyyələri irəli sürülür. Bəs görək, fərziyyələr doğru ola bilərmi? Normadan yüksək olan temperaturun insanlara hansı mənfi təsirləri var?

Lent.az -ın bu suallarına həkim-infeksionist Vüqar Bağırov aydınlıq gətirib. Onun sözlərinə görə, havaların isti keçməsinin koronavirusa heç bir təsiri yoxdur:

“Əvvəlki viruslardan məsələn, quş qripi, donuz qripi və.s havaların istiləşməsi ilə xilas olmaq mümkün olmuşdu. Ancaq koronavirusun yeni növü barədə bunu demək düzgün deyil. Alimlərin fərziyyələri də özünü doğrultmadı. Ehtimal olunurdu ki, “COVİD-19” havaların qızması ilə ötüşüb keçəcək. Ancaq hətta isti ölkələrdə də virusa yoluxmaların azalmadığının şahidi olduq. Hələ ki, pandemiyanın xüsusiyyətləri tam məlum deyil. Ona görə də, kimsə dəqiq məlumat verə bilmir. Koronavirusun bu növü yaxın təmas vasitəsilə ötürülür. Temperaturun buna heç bir təsiri yoxdur. Azərbaycanda mövsümi qrip növləri var. Əsasən, qış və yaz fəsillərində olur”.

Həmsöhbətimiz isti havaların insanlarda yara biləcəyi fəsadlardan da danışıb:

“İqlim şəraitinin normadan artıq müşahidə olunması, anomal istilər insanlarda bəzi narahatlıq yarada bilər. Bu xüsusən günvurma və təzyiqlə müşahidə olunur. Ürək çatışmazlığından əziyyət çəkənlər isə həddən artıq yüksək temperaturda daha çox mənfi təsirə məruz qalırlar. Bundan əlavə, isti hava şəraiti ilə əlaqədar qida toksik infeksiyalar özünü büruzə verə bilər. Bu da qidaların gün altında, isti şəraitdə çox qalması ilə əlaqədardır”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ötən gün temperatur Bakıda iqlim normasından 1,5 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-29, aran rayonlarında 29-32, dağlıq rayonlarda 19-23, Naxçıvan Muxtar Respublikasında 25-31 dərəcə isti olub.

0