Xırdalanda narazılıq: xeyli sakin günlərdir susuz qalıb 

ÖLKƏ
15:09 / 09.06.2020
1310

"Xırdalan şəhərinin "Kənd Xırdalan" adlanan hissəsi, konkrtet olaraq, 20 Yanvar küçəsi günlərdir susuz qalıb. İllərdir hər il havaların istiləşməsi ilə ortaya çıxan problem bu il də təkrarlanır. Tragikomik olan budur ki, "Azərsu" ASC Xırdalan su təchizatının yaxşılaşdırılacağı vədi ilə şəhərin su xətlərini yeniləmiş, sakinlərə də fasiləsiz su veriləcəyini bildirmişdi. Lakin 20 Yanvar küçəsində həmin vəddən hələ də əsər-əlamət yoxdur". 

HİT.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında həmin küçədə yaşayan yazar Elnur Astanbəyli bildirib. 

Mayın əvvəllərindən bəri adıçəkilən küçəyə suyun öncə müəyyən günlərdə, üstəlik, gecə yarısı, hər kəs yuxudaykən verildiyini deyən E.Astanbəyli son günlərdə hətta bunun da dayandırıldığını, səbəbinin isə  açıqlanmadığını vurğulayıb: "Təsəvvür edin, səhər tezdən durub işinə-gücünə getməli olan adamlar gecə saat üçdə-dörddə qalxıb krant başında gözləyirdilər ki, suyun verildiyi qısa müddətdə çənlərini, qablarını doldura bilsinlər. Artıq bu da mümkün deyil. 20 Yanvar küçəsinə suyun verilişi bir neçə gündür tamamilə dayandırılıb, dözülməz vəziyyət yaranıb. Şikayətlərin, müraciətlərin isə mənası yoxdur. Üzücü və əsəbi vəziyyətdir. Bir yandan havalar isinib, o biri yandan pandemiya dövrüdür. Yəni suya ehtiyac artıb. Hər şey bir qırağa qalsın, koronavirusdan qorunmanın əsas şərtinin sanitar-gigiyenik qaydalara əməl etmək olduğunu söyləyib ancaq insanları suya həsrət qoymaq hansı məntiqə sığır?"

Problemin həlli ilə bağlı sakinlərin "Azərsu"dan əllərini artıq tamam üzdüklərini deyən yazar son ümid kimi şikayət üçün daha yüksək instansiyalara müraciət etməkdən başqa yol qalmadığını da sözlərinə əlavə edib.

0