Digər polis əməkdaşlarının cəzalandırılması nəzərdə tutulur? - DİN-dən CAVAB

ÖLKƏ
20:48 / 09.06.2020
2215

Yasamalda polisin keçirdiyi əməliyyat sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb oldu. İzləyicilər polisin qadına və həyat yoldaşına “dovşansınız” deməsindən əlavə, evə basqın edərək vətəndaşı yatdığı yerdən götürüb aparması, yaşlı kişinin başına sillə vurmasını da pisləyiblər. Bu gün isə nazirlik qadına kobud ifadə işlədən əməkdaşın daxili işlər orqanlarından kənarlaşdırıldığı barədə məlumat yayıb. Görəsən, izləyicilərin sərt reaksiyasına səbəb olan digər hərəkətlər edən polis əməkdaşları barədə tədbir görüləcəkmi?

DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az -a bildirib ki, hansısa başqa əməkdaşın orqandan uzaqlaşdırılması istiqamətində işlər aparılmır:

“Əməliyyat zamanı bağışlanılmaz səhv edərək, qadına və həyat yoldaşına kobud ifadə işlədən polis əməkdaşı daxili işlər nazirinin əmrilə vəzifədən kənarlaşdırıldı. Bundan başqa, hansısa əməkdaşın işdən qovulması və ya barəsində yoxlamaların aparılması nəzərdə tutulmayıb”.

Bundan əlavə, xidmət rəisi sosial şəbəkədə nazirliyin həmin qadından üzr istəmədiyi barədə yayılan məlumatlara da cavab verib:

“Polis əməkdaşının kobud ifadə işlətdiyi qadından üzr istənilib. Bu üzrxahlıq nazirlik adından edilib”.

Qeyd edək ki, əksər xəbər portallarında və sosial şəbəkədə DİN-nin polis əməkdaşının “sən də ərin də dovşansınız” dediyi qadından üzr istəmədiyi barədə məlumatlar paylaşılıb.

2
Lent.az