“Heydər Əliyevə demişdilər ki, Süleyman sizin əleyhinizə işləyir...”

ÖLKƏ
13:25 / 10.06.2020
4333

Əməkdar artist, muğam ustadı Süleyman Abdullayevlə uzun zamandır ki, planlaşdırdığımız görüşümüz nəhayət ki, baş tutdu. Dədə Süleymanla görüşmək üçün Yasamaldakı evinə yollandıq. Qapıda bizi qarşılayıb evə dəvət edir və stolun üstündə nərdi görüb soruşuram:

- Bunu kiminlə oynayırsınız?

- Yaxşı qonşularım var, onlar gəlir nərd oynayırıq, söhbət edirik. Bilirsən də 2016-cı ildə həyat yoldaşım dünyasını dəyişəndən sonra tək yaşayıram. Qızım, oğlum yaxında qalırlar gəlib baş çəkib gedirlər. Sən nərd oynaya bilirsən?

- Bəli.

- Mənim adamımsan.

S.Abdullayev söhbətə özü başlayır və elə sonradan suallarımızı veririk:

- Atam Cümşüdün Füzulidə 300 baş qoyunu olub. Özü savadsız adam olsa da, təsərrüfatı qorumaq üçün çobanları, köməkçiləri olub. Mən evin sonbeşiyi olmuşam. 1920-ci ildə Sovet hökuməti Azərbaycana gələndən sonra atamın da bütün heyvanlarını əlindən alıb. Ona on baş qoyun, bir at və bir inək veriblər. Ona görə də mən atamın “lüt” vaxtına düşmüşəm. Mənim əsil adım da Rəvan olub, bunun da tarixini danışacam sizə. Böyük qardaşım İbrahim müharibəyə gedəndə stulun üstünə “Rəvan 1939-cu il, 14 fevral” yazıb. Qardaşım müharibə qurtarandan sonra Latviyada qaldı. Həmişə məktublaşırdıq və 1946-cı ildə Füzuliyə gəldi. Atam qurban kəsdi dedi ki, salamat qayıtmısan, gəl səni evləndirək. Qardaşım da anama demişdi ki, mən artıq Latviyada ailə qurmuşam, bir oğlum var, özüm də, həyat yoldaşım da müəllim işləyir. Sonra İbrahimi Latviyaya yola saldıq getdi.

“Evə gəlib atama-anama gileyləndim ki, adımı niyə dəyişmisiniz...”

Mən də elə orta məktəb illərindən muğama qulaq asıb xanəndələrin adını yamsılayırdım. 1959-cu ildə onuncu sinifdə oxuyanda dedilər ki, Seyid Şuşinski Füzuliyə gəlib. Onda istedadlı uşaqları yoxlayırdılar. Məktəbdə məni də çağırıb dedilər ki, “Rəvan, gəl get Seyidin yanına, səni çağırır”. Mən də sevinə-sevinə getdim və bir muğam ifa edən kimi Seyid dedi ki, “bəsdi, məktəbi qutar gəl Bakıya”. Uçmağa qanadım yox idi. Məktəbi bitirib atestatımı alanda gördüm ki, adımı Süleyman yazıblar. Evə gəlib atama-anama gileyləndim ki, adımı niyə dəyişmisiniz. Anam dedi ki, “oğlum, atanın dostunun Rəvan adlı oğlu qəzada dünyasını dəyişib və ona görə də dostu pis olmasın deyə sənin də adını dəyişdi”. Mən də belə durub gəldim Bakıya. Dörd il Seyid Şuşinskidən dərs aldım. Əsgərlik məsələmi də Seyid həll elədi.

“Komissar dedi ki...”

Deməli gəlib Seyidə dedim ki, məni əsgər çağırırlar. Onda Hərbi Komissarlıq Asəf Zeynallı adına Musiqi Məktəbi ilə üzbəüz idi. Seyid məni də götürüb komissarın yanına getdi. Dedi ki, “Bu uşağın yaxşı səsi var. Bunu əsgər aparsanız, səsi batacaq”. Komissar dedi ki, “bacımın toyu olacaq gəlin orda oxuyun. Əgər Süleymanı ifası xoşuma gəlsə, əsgər göndərməyəcəm”. Biz də deyildiyi vaxt gedib Ramanada komissarın bacısının toyunda oxuduq. Alqışlardan hiss elədim ki, ifamı bəyəniblər. Bir neçə gün sonra hərbi biletimi verdilər və yazmışdılar ki, “dizində sınıq var, hərbi xidmətə yararsızdır”. (Gülür) Seyidin son tələbələrindən biri mən və digəri Sabir Mirzəyev idi. Hər ikimizə yaxşılıq edib, Allah onu rəhmət eləsin.

Artıq tanınmış muğam ifaçısı idim. Konsertlərim olurdu. Həmişə Latviyaya qardaşım İbrahimgilə gedirdim. Orda yaxşı da pul xərcləyirdim. Elə oldu ki, qardaşım elə orda dünyasını dəyişdi və oğlu dedi ki, atamı burda da dəfn edək. Biz də razılaşdıq, övladıdır, onun da dediyində haqq var idi. İndi də qardaşımın arvadıyla və övladları ilə əlaqə saxlayırıq.

- Həyat yoldaşınızla necə tanış oldunuz?

- Mən onunla təsadüfən dostumgilə gedəndə tanış olmuşam. Dostumun bacısıyla Tibb Universitetində oxuyurdu. Əslən Ucar rayonundan idi. Elə oldu ki, ailə qurduq. İki oğlumuz və bir qızımız dünyaya gəldi. Evlənəndə də şərt kəsdim ki, mən oxuyanda kimsə gül verə bilər, bunu qısqanma. O, da deyirdi ki, qısqanmasam da pis olaram”.

- Başqa ikinci bir təhsiliniz varmı?

- Deməli “Domsovet”də kosnert verəndə məndən xahiş etdilər ki, heç yerə getmə yenə muğam ifa elə. Mən də xahişi qəbul edib oxumağa başladım. Sonra dinləyicilərdən biri məni çağırıb haqqımda soruşdu. Dedim ki, Seyid Şuşinskinin tələbəsiyəm. Dedi ki, “atestatını götür gətir Kənd Təsərrüfatı İnstitutuna”. Mən də filarmoniyadan atestatımı götürüb instituta verdim. Onda bildim ki, sən demə mənlə danışan rektor imiş. Beləcə oranı da qiyabi oxuyub bitirdim. (Gülür)

- Bəs dolanışığınız necədi, maddi gəliriniz hardandı?

- Əməkdar artist kimi 100 manat pul alıram, bu heç nəyə çatmır. Allah Heydər Əliyevi rəhmət eləsin, o, mənə prezident təqaüdü verib və indi də onunla dolanıram. H.Əliyev hakimiyyətə gələndən sonra mənə dedilər ki, özün haqqında tərcümeyi-halını yaz, səninlə maraqlanır. Mən də yazıb təqdim elədim. Orda məndən soruşdular ki, hansı partiyanın üzvüsən? Dedim ki, bizdə partiya üzvü olan adam olmayıb, mən xanəndəyəm, siyasətdən anlayışım yoxdur. Onda məlum oldu ki, sən demə buna qədər H.Əliyevə deyiblər ki, Süleyman müsavatçıdır, sizin əleyhinizə işləyir. Bundan sonra mənə prezident təqaüdü

verildi.

- Əvvəlki adınızın taleyi bəs nə oldu?

- Hə, yaxşı yadıma saldın. Deməli Habil Əliyevin onda iki qızı var idi və deyirdi ki, yaxın müddətdə oğlum olacaq. Mən də dedim ki, oğlun olsa, adını Rəvan qoyarsan. Ad Habilin xoşuna gəldi və oğlunun adını Rəvan qoydu. Bu gün hamınızın tanıdığınız Rəvan Habiloğlu mənim adımı daşıyır. Bunu hamısı bilirlər, amma heç danışan yoxdur.

- Süleyman müəllim, tək yaşayırsınız, həyat yoldaşınızı itirmisiniz. Təklik sizin üçün çətin deyil ki?

- Xeyir, Allahnan oturub-dururam və bir də yaxşı dostlarım var. Həyat yoldaşım 2016-cı ildə qəfildən xərçəng oldu. Hara aprdımsa əlac olmadı. 23 min dollara “mercedes” almışdım axırda onu da satıb yoldaşımı Türkiyəyə apardım və həkimlər yenə əlac edə bilmədilər. Allah cəmi ölənlərə rəhmət eləsin”.

 

0
Moderator.az