Azərbaycan ordusunun mayın 18-dən 22-nə qədər davam edən irimiqyaslı əməliyyat-taktiki təlimləri ssenarisinə və təşkilinə görə ABŞ ordusunun təlimləri ilə müqayisə olunub.
Virtualaz.org xəbər verir ki, belə müqayisəni hərbi tematika üzrə ixtisaslaşmış “We Are The Mighty” bloqunda Miguel Ortiz aparıb.
Müəllif Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadla xatırladır ki, təlimlərdə 10 min nəfərə yaxın şəxsi heyət, 120 tank və zirehli texnika, 200 raket kompleksi, aviasiya vasitələri və pilotsuz uçan aparatlar iştirak edib.
Təlimlərin ssenarisinə əsasən müxtəlif qoşun birləşmələrinin döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və həyata keçirilməsi, habelə kiçik və iri zərbə qruplaşmalarının imkanları sınaqdan keçirilib.
Müəllif qeyd edir ki, Azərbaycan ordusunun hərbi təlimləri Birləşmiş Ştatlar ordusunun Kaliforniyadakı Fort-İrvin milli təlim mərkəzində və Los-Angelesdəki Fort-Polk poliqonunda planlaşdırılan təlimləri ilə müqayisə oluna bilər. Bölmələr həmin poliqonlardan hərbi əməliyyatların planlaşdırılması, taktika, hücuma hazırlığın yoxlanılması üçün istifadə edirlər.
Lakin həmin poliqonlarda mart ayına planlaşdırılan təlimlər COVİD-19 qlobal pandemiyasına görə təxirə salınıb. Təlimlərdə iştirak etməli olan bölmələr pandemiya ilə mübarizə aparmaq üçün Vaşinqton qubernatorunun sərəncamına göndərilib.
Müəllif ABŞ-la Azərbaycan arasında münasibətlər, o cümlədən hərbi sahədə əməkdaşlıq barədə bəhs edir. Eyni zamanda qeyd olunur ki, ABŞ-dakı erməni diasporu Azərbaycan ordusunun təlimlərindən ciddi narahat olub və mayın 20-də Konqresin Nümayəndələr palatasının ermənipərəst üzvü Frenk Pallone dövlət katibi Maykl Pompeo və müdafiə naziri Mark Esperə məktub yazaraq bu təlimlərə reaksiya verməyə çağırıblar. Habelə ABŞ-ın Azərbayana 100 milyon dollarlıq hərbi yardım ayırmasından narahatlıq bildiriblər.