Bunlar hamısı Çoban Akiflə Hacı Mazanın işidir - Əhəd Abıyev

15:10 / 10.06.2020
1840

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bir sıra internet resurslarında barəsində yayılan məlumatlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu barədə rayon İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, bəzi saytlarda yayımlanmış “Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı – Şok siyahı” başlıqlı yazıda Ə.Abıyevin barəsində qeyd olunananlar əsassız, uydurulmuş qarayaxma kampaniyasıdır:

“Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir. Erməni əsilli məxluqlar müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə bilərəkdən məkrli niyyətlə yazılan yalan və böhtan xarakterli məlumatlarla Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin dövlət xadimi, siyasi rəhbər kimi işgüzar nüfuzunu ləkələməyə çalışırlar. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu kimi xəbərlər tamamilə yalandır, uydurma və şayiədir”.

Məlumatda o da qeyd olunur ki, Baş prokuror Kamran Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevdən və Daxili İşlər naziri Vilayət Eyvazovdan məlumatlara hüquqi qiymət verilməsi, “bilərəkdən yalan məlumat yayan saytlar barəsində təcili qanunamüvafiq tədbir” görülməsi, “təhqir və böhtan xarakterli məlumat yayanların məsuliyyətə” cəlb edilməsi istənilir.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran Ə.Abıyev yayılan məlumatların məqsədyönlü xarakter daşıdığını dedi:

“Mən 2011-ci ildən bütün günü Daşkəsəndəyəm, rayondan nə vaxt çıxdım ki, gedib Masallıda o qədər mal-mülk ala bildim? Mənim o qədər vaxtım hardadır? Buna görə də mən Baş Prokurora, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət etmişəm. Onların hansı addımlar atacağını gözləyirəm”.

İcra başçısının sözlərinə görə, Daşkəsəndə işinin başındadır, bütün günü rayonun təsərrüfat işləri ilə məşğuldur:

“Bunların hamısı Çoban Akifin, Hacı Mazanın işidir. Çoban Akif bizdən camaatın 300 hektar torpağını istəyib, verməmişik. Bundan əvvəl 360 hektar ərazini zəbt edib. İkinci dəfə imkan vermədik, indi əvəzini çıxmaq üçün haqqımda belə böhtan, uydurma yayır”.

0
Musavat.com