Qarabağın açarı - Moskva və Tehranla necə razılaşaq?

ÖLKƏ
18:30 / 12.06.2020
2308

Siyasətçilər tez-tez fikir səsləndirirlər ki, Qarabağın açarı Kremldədir. Moskvanı razı sala bilsək, münaqişənin xeyrimizə həlli mümkündür. Ancaq bu məsələdə İranın rolunu da qiymətləndirənlər var. Hər iki qonşu dövlətin Ermənistanla isti münasibətlərini əsas gətirən siyasətçilərin fikrincə, Tehran və Moskva ilə detalları razılaşdırsaq, Qarabağ problemi həllini tapa bilər.

Yeri gəlmişkən, ilk dəfə olaraq Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə bəyanatı qəbul edilib.

İlk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamenti rəsmilərinin belə bir birgə sənədi qəbul edilir.

Sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur. Bu bəyanatın qəbul olunması Nikol Paşinyanın və Ermənistanın ağır məğlubiyyətidir.

Qərbdən Azərbaycana ilin-günün bu vaxtında belə bir dəstəyin gəlməsi su-hava kimi lazım idi. Çünki Qarabağ məsələsində aparıcı ölkələr fəaliyyətini az qala dondurublar.

Qabil Hüseynli: “İranla nəyisə razılaşdırmaq vaxt itkisidir”

Politoloq Qabil Hüseynli bu bəyanatın qəbul edilməsini mühüm hadisə kimi qiymətləndirir. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Qarabağ probleminin həllində Avropanın fəallaşması yaxşı haldır və belə vəziyyətdə İranla nəyisə razılaşdırmağa ehtiyac görmür: “Tehranla hansısa məsələni razılaşdırmaq vaxt itkisidir. İran həmişə Azərbaycanın əleyhinə problemlər yaradır. Üstəlik, bu dövlətin münaqişələrin həllində rolunu görməmişəm”.

Q.Hüseynli hesab edir ki, Rusiya fərqlidir, Qarabağ məsələsində təsir gücünə malikdir: “Aprel döyüşlərində Rusiyanın müdaxiləsi olmasaydı münaqişəni həll etmişdik. Mən hələ Qarabağ müharibəsində, münaqişənin həllə ilə bağlı status-kvonun qalmasında rusların rolunu demirəm. Üstəgəl, Rusiya ATƏT-in Minsk Qrupunda həmsədr ölkədir. Ona görə Moskva ilə fikir mübadiləsi aparmaq olar. Biz Rusiyanın təsirini nəzərdən qaçırmamalıyıq. Amma problemin həlli üçün əsas Avropa Birliyi, Qərb və Amerikadır. Məsələn, Avropa Birliyinin 4 deputatı xeyrimizə mövqe qoydu. Bu, erməniləri yasa boğacaq bəyanatdır. Ona görə də Rusiya öz yerində, amma Qərbin dəstəyi həlledici mərhələdir”.

Elxan Şahinoğlu: “Rusiyanın 25 ildir guya Azərbaycanla tərəfdaşlıq, dostluq münasibətləri var, amma...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Qarabağ məsələsinin İran və Rusiya ilə razılaşdırmalı olduğumuzu kökündən yanlış yanaşma sayır. Politoloqun sözlərinə görə, əgər bu iki dövlətlə hansısa razılıq əldə etməliyiksə, deməli, heç nə həll olmayacaq: “Çünki fərqli maraqlar var və Azərbaycanın istəkləri ilə üst-üstə düşmür. Özəlliklə, Rusiyanın 25 ildir guya Azərbaycanla tərəfdaşlıq, dostluq münasibətləri var, amma işğala son qoymur, Ermənistana təzyiq etmir”.

Ekspertin fikrincə, nə Avropadan, nə ABŞ-dan, nə də Rusiyadan nicat gözləməli deyilik: “Bütün alətlər öz əlimizdədir və bütün imkanlarımızdan istifadə etməliyik”.

Ramiyə Məmmədova: “Moskva-Ankara-Tehran ittifaqı olsa da,  Qarabağ yada düşmür”

Siyasi şərhçi Ramiyə Məmmədova hazırda üç dövlətin münaqişənin həllində rolu olduğunu və razılaşdırılmalı nəsə varsa, onlarla edilməsinin vacibliyini düşünür: “ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir. Bu günə kimi heç biri torpaqların azad edilməsi, danışıqlarda konstruktiv nəticə əldə olunması üçün ciddi səylər göstərməyiblər. Rusiya Qarabağ probleminin əsas fiqurudur. Amma İranla hansısa müzakirələr aparmalı olduğumuzu düşünmürəm. Faktiki, Tehran özü də danışıqlarla bağlı hansısa aktivlik göstərmir, addımlar atmır. Məsələn, Putinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan rəhbərlərinin bir neçə dəfə görüşləri təşkil edilib. İran tərəfindən belə bir təşəbbüs gəldiyini xatırlamıram. Bunun özü təsdiqləyir ki, Qarabağ məsələsində razılaşdırılmalı məqamlar varsa, o da Rusiya ilə olmalıdır. Hətta Moskva-Ankara-Tehran arasında bir üçlük ittifaqı olsa da, tərəflər Suriya və digər regional münaqişələrlə bağlı bir araya gəlirlər, Qarabağın işğalı yada düşmür.

Eyni zamanda Normant formatı var. Ukraynanın ərazi bütövlüyü ilə bağlı danışıqlar aparılır, lakin yenə Qarabağ unudulur".

Analitik hesab edir ki, indiki şəraitdə danışıqlar prosesi tam tormozlanıb: “Pandemiya münaqişənin həlli ilə bağlı danışıqları arxa plana keçirib. Şübhə etmirəm ki, 2020-ci ildə də hansısa nəticələr əldə olunmayacaq”.

R.Məmmədova qeyd etdi ki, Azərbaycan münaqişənin həlli ilə bağlı danışıqlar prosesini sürətləndirməlidir: “Biz beynəlxalq güclərdən tələb etməliyik ki, Suriya, Ukrayna, Liviya böhranlarına göstərdikləri həssaslığı Qarabağ probleminə də istiqamətləndirsinlər. Bu münaqişənin həlli ilə əlaqədar yaradılmış Minsk Qrupuna daxil olan və həmin qrupa həmsədrlik edən Rusiya ilə yanaşı ABŞ, Fransa kimi dövlətlərin də mövqelərini diqqətdən kənarda qoymaq olmaz.

Bu baxımdan münaqişənin həllini yalnız Rusiyada axtarmaq düzgün deyil. Baxmayaraq ki, cəmiyyətdə belə bir fikir formalaşıb, guya Qarabağ probleminin açarı Rusiyanın əlindədir.

Əslində belə yanaşma tamamilə yanlışdır. Həmsədr dövlətlərin, o cümlədən bu qrupa daxil olan digər dövlətlərin bir araya gəlmələri lazımdır ki, problem həllini tapsın".

0