Natiq Cəfərli: “Qonşunun iti olduğunu hardan biləcəklər?”

ÖLKƏ
09:30 / 13.06.2020
1576

DİN rəsmisi deyir ki, iti qonşuya vermək olmaz. Xub, tutalım, qonşu itini gəzdirdi, 2 saat sonra üzbəüz qonşusu iti götürüb küçəyə çıxdı - bunun qonşunun iti olduğunu hardan biləcəklər?! İtdən soruşacaqlar?!

Bu söhbətə nədən fikir verdim?! Deyim də - Azərbaycan hökuməti, məmurlar qadağa dilində danışmağı öyrəniblər, amma dediklərinin məntiqi, məzmunu, yerinə yetirilmə mexanizmi haqqında düşünmürlər - bu isə dövlət adlanan institutun nüfuzuna xələl gətirir.

Dünən də bir deputat deyib ki, "palatkada" yas keçirmək birdəfəlik qadağan olunmalıdı, səbəb kimi də, virusların yayılma ehtimalını söyləyib. Ay məntiqinə mələməmiş quzu kəsdiyim, bəs Mərasim Zallarında, Təzə Pirdə, Heydər Məscidində viruslar olmur?! Qapalı məkan olaraq çadırla zalın nə fərqi var?! Nədi, hərəniz bir mərasim zalı açıb biznes qurmusuz deyə fürsətdən istifadə edib daha ucuz olan çadır servisi ilə məşğul olanları sıradan çlxartmaq istəyirsiniz?! Adam desəydi ki, təmtəraqlı yas etməyək, daha mütəvazi məclislər quraq, bəshəbəsə girməyək - yenə anlamaq olardı.

Bir daha: Məmur qəbiləsi qadağa dilində danışaraq, təhdid səpərək Hakimiyyət adlı institutu gözdən salır. Bizdə zatən səhv olaraq hakimiyyətə gəlmək vəzifəyə gəlmək kimi dərk edilir - Hakimiyyət bir institut kimi yoxdursa, hara gələcəksən?!

Mən, şəxsən, ona görə də tənqid edəndə "hökumət" deyib-yazıram, çünki hakimiyyət şəxslər deyil də institutlar olmalıdır...

Natiq Cəfərli

Ekspert

0