Koronavirusdan sağalanların psixoloqu: “İnsanları öldürən virus deyil”

ÖLKƏ
10:23 / 13.06.2020
1471

Rusiyalı reabilitoloq Leonid Dyadkov açıqlamasında infeksiyaya yoluxan və sağalan insanların daha sonra psixoloji gərginliklə üz-üz qala biləcəyini deyib:

“Koronavirusdan müalicə dönəmi vacib olduğu qədər, sağaldıqdan sonrakı bir dönəm də olduqca önəmlidir. Xüsusilə bu dönəmdə şəxs öz psixoloji durumuna diqqət yetirməlidir”.

Maraqlıdır, koronavirusa yoluxan və daha sonra sağalan şəxslər psixoloji cəhətdən nəyə diqqət yetirməli, özünü bu gərginlikdən necə qorumalıdır?

HİT.Az xəbər verir ki, bu barədə Cebhe.info-nun suallarını tanınmış psixoloq, “HUMEL” Psixologiya Mərkəzinin rəhbəri Tariyel Faziloğlu cavablandırıb:

- Koronavirusa yoluxub, daha sonra sağalan şəxslərdə ilk növbədə hansı psixoloji məqam özünü göstərir? Bu gərginliyin xəstəliklə əlaqəsi varmı?

- Bəli, doğrudur ki, koronavirusdan sağalan insanlarda psixoloji gərginlik olur. Bu da xəstəliklə bağlı deyil. Bunun səbəbi koronavirus haqqında olan şişirdilmiş, qorxuducu fikirlərdir. Həmin şəxslər xəstəliyə tutulduqda, böyük qorxu yaşayırlar. Bu, ölüm qorxusudur. Və o ölüm qorxusundan qaynaqlanaraq onlarda ciddi psixoloji gərginlik yaranır. Sağaldıqdan sonra belə o gərginlik keçmir və post-dramatik stress pozuntusuna çevirilir. Post-dramatik stress pozuntusu də ciddi pozuntudur və böyük fəsadları olur. Ona görə də o xəstəliyə tutulub sağalan insanların psixoloji gərginliyinin olması əslində xəstəliyin özündən deyil, xəstəlik haqqında ətrafda dolaşan, insanların KİV tərəfindən məruz qaldığı, ciddi, neqativ, bir az da şişirdilmiş informasiyalardandır. Həmin şəxslərdə panik atak, təşviş pozuntuları ola bilir. Bu normaldır. Çünki bunlar ölüm qorxusu ilə bağlıdır. Ölüm qorxusu ilə bağlı pozuntular da demək olar ki, bütün xəstəliklər üçün eynidir.

- Sizin koronavirusa yoluxub sağalan pasiyentiniz olubmu?

- Bəli, 3 nəfər olub. 3-də də post-dramatik stress pozuntusu müşahidə edilib. Sadəcə, bunun üzərində işləyib o travmanı neytrallaşdırmağa çalışmışıq. İkisində artıq bitib, birində isə davam edir .

- Həmin şəxslərin neçə yaşı olub?

- 55-in üzərində olub. Tam yaş verməyim düzgün olmaz.

- Yoluxub sağaldıqdan sonra psixoloqa müraciət etməyən şəxslər özləri özlərini müalicə edə bilərmi? Bu gərginliyi necə aradan qaldırmaq olar?

- Təəssüf ki, "bunu etsinlər, bu gərginlik aradan qalxacaq" deyə bir şey yoxdur. Çünki post-dramatik stress pozuntusu peşəkar müdaxiləsi vacib olan problemdir. Post-dramatik pozuntu buqələmun tipli bir pozuntudur. Bu pozuntu ilk başlarda insanda özünü başqa cür göstərə, bir müddətdən sonra isə tamamilə fərqli formada ortaya çıxa bilər. Yəni, rəngini, əlamətlərini dəyişən pozuntudur. Həmçinin, sözügedən pozuntu müxtəlif xəstəliklərin - təşviş pozuntusu, panikatak, psixoz, şizofreniya kimi ağır xəstəliklərin yaradıcı səbəblərindən birinə çevirilə bilər. Ona görə də post-dramatik stress pozuntu mütəxəssis müdaxiləsi tələb edir. Əgər kimsə özündə bu gərginliyi müşahidə edirsə, məsləhət görərdim ki, peşəkar dəstək alsın. Bu önəmlidir.

- İnfeksiyaya yoluxub sağanlarla yoluxmayan şəxslər psixoloji gərginliyi eyni dərəcədə keçirir?

- Təkcə Azərbaycanda yox, bütün dünyada bununla bağlı böyük təbliğat sistemi qurulur. Azərbaycanda hələ bununla bağlı səs-səmir yoxdur. Çünki ölkələr açıq şəkildə bildirdilər ki, bu qədər neqativ yüklənmələr qarşısında insanların əksəriyyətinin psixoloji pozuntu keçirməsi qaçınılmazdır. Xəstəliyə tutuldu və ya tutulmadı, fərq etmir. Çünki kiçiyindən tutmuş böyüyədək o informasiyanı hər kəs alır. Yəni, koronavirusun ölümcül olması, yaxud onun xeyli insanı öldürməsi ilə bağlı dəfələrlə informasiya almaq, ölən insanlarla bağlı statistikanı oxumaq insanların hamısında ölüm qorxusu yaradır. Bu da kütləvi şəkildə psixoz əmələ gətirir.

- Bu psixoloji gərginlik öz növbəsində hansı mənfi fəsadlar yaradar?

- Bu gün dünyada cinayətlərin, avtomobil qəzalarının, boşanmaların, ailədaxili şiddətin sayı dəfələrlə artıb. Konkret olaraq, şiddət yayan, gərginlik, aqressiya ehtiva edən bütün statistikalara baxsaq, hamısında bir neçə dəfə artım var. Buna görə də ölkələr bununla bağlı kompleks tədbirlərə başlayıb. Bizdə də bu tədbirlərə start vermək lazımdır. Yəni, koronavirus bu kimi amillərə mənfi təsir edir.

- Bəs koronavirus bitdikdən sonra dünyanı nələr gözləyir? Hazırda insanların aldığı sarsıntı xəstəlik bitdikdən sonra nə qədər qala bilər?

- Düz vurğulayırsınız. Koronavirus bitəcək, nə vaxtsa tarixə qovuşacaq. Amma ondan sonra bizim ən böyük bəlamız başlayacaq. Çünki indiki zamanda alınan stress, travma koronavirus bitəndən sonra insanları bir-bir məhv edəcək. Psixoloji travma elə şeydir ki, onun ağrısı yoxdur, amma məhv edir. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı etiraf etdi ki, bütün xəstəliklərin yaranma səbəbi psixoloji amillərdir. Bu qədər psixoloji gərginlik qan-damar, mədə, uroloji, həmçinin, xərçəng kimi müalicəsi olmayan xəstəliklərin sayını artırır. Ardınca stress atında olan analar fiziki və əqli qüsurlu körpələr dünyaya gətirir. Bütün bunlar sosial partlayış səviyyəsinə çatacaq qədər böyük problemlər yaradacaq. Bu səbəbdən indidən psixoloji gərginliyi azaltmaq üçün ölkədə ciddi tədbirlər görülməlidir. Yoxsa bunun ağrısını çox ağır şəkildə birlikdə yaşayacağıq.

- Dediklərinizdən belə anlaşılır ki, insanları koronavirus yox, psixoloji gərginlik öldürəcək.

- Bəli, düzdür (gülür). İnsanları koronavirusdan daha çox psixoloji gərginlik öldürəcək. Xəstəlikdən ölənlərin əksəriyyətinin ölmə səbəbi psixoloji amillərdir. Bu gün mənim tanıdığım gənc iş adamlarından biri dünyasını dəyişib. Yazırlar ki, koronavirusdan ölüb. Mən düşünürəm ki, onunku koronavirusdan daha çox stress olub. Çünki 34 yaşında insan koronavirusa tutulduqda onun ölmə riski aşağı olur. Amma bu xəstəliyə tutulduqdan sonra öləcəyinə olan inam onun bədəninin xəstəliyə qarşı aparacağı müqaviməti bloklayır. Belə halda da xəstəlik insanı məhv edir.

- Virusa inanmayan şəxslər var. Deyə bilərikmi ki, bu, sırf şəxsin öz psixoloji müqavimətini qorumaq məqsədi daşıyır?

- Bəli, insan özünü yükləməməkdən ötrü koronavirusa inanmadığını bildirir. Bu, şüuraltının özünü qoruma mexanizmidir. Virusa inanmayan şəxs bilir ki, şüuraltı yüklənsə, çox ağır fəsadları ola bilər. Bu səbəbdən o informasiyadan intina edir. Yəni həmin informasiyanı alanda da onu inkar edir. Ona görə də koronavirusa inanmayan şəxslər psixoloji cəhətdən rahat ayaqda qalır.

- Sizin özünüz necə, virusun var olmasına inanırsınız?

- Koronavirus olub, var, həmişə də olacaq. Bunun heç zaman vaksini tapılmayacaq. Çünki koronavirus viruslar ailəsinə mənsub olan xəstəlikdir, qrip virusudur. Tutaq ki, vaksini bir hüceyrə quruluşuna görə tapdılar, 2 həftə sonra həmin virus hüceyrə quruluşunu dəyişdi. Onda belə çıxır ki, hər iki həftədən bir yeni vaksin icad olunacaq? Mümkün deyil. Sadəcə, koronavirusun bu qədər şişirdilməsinə gərək yoxdur. Keçən il oktyabr, noyabr aylarında ölkəmizdə əksər insanlar 40-41 dərəcə qızdırma ilə yatdı. O elə koronavirus idi. Camaat o zaman heç bir panikaya düşmədi. İnsanlar xəstələndi, rahat şəkildə sağaldılar, həyatlarına qaldıqları yerdən də davam etdilər. Amma indiki zamanda bu qədər panika sayəsində ölüm hallarının sayı çoxdur. Yenə deyirəm, koronavirusdan ölənlərin hamısı heç də hamısı bu xəstəlikdən ölmədi. Sadəcə, bu xəstəliyə tutulduqları zaman onlarda bu xəstəliyin ölümcül olacağına olan inam formalaşdı. O inam sayəsində bədən heç bir immun göstərmədi. Belə olan halda da xəstəlik adamları məhv etdi.

0