Qaradağ meşələri Yunesko siyahısına daxil ediləcək?

ÖLKƏ
18:08 / 15.06.2020
1256

Qaradağ meşələrinin Yunesko siyahısına daxil edilməsi üçün yenidən baş vurulacaq.

Bu barədə Şərqi Azərbaycan əyalətinin Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatının baş direktoru Əhməd Həmzəzadə məlumat verib.

“Meşəliyin qeydiyyata salınması dosyesində müəyyən düzəlişlər edildikdən sonra yenidən YUNESKO-ya müraciət edəcəyik,” deyə o bildirib.

Qaradağ meşələri ötən il YUNESKO tərəfindən qeydə alınmalı idi, lakin ərazidəki qanunsuz tikinti işləri və mədənçilər tərəfindən meşəyə ziyan vurulması buna mane oldu və Qaradağ meşələrinin YUNESKO tərəfindən siyahıya alınması təklifi rədd olundu.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub. Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.

Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

Keçən il Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) raport təqdim edib. Raportda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edilib.

0