Koronavirus gerçəyi: İnamsızlığı kim yaradıb?-AÇIQLAMA

ÖLKƏ
09:29 / 16.06.2020
1022

6 aydan çoxdur ki, dünya koronavirus pandemiyası ilə mübarizə aparır.

Lakin hələ də bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda bu xəstəliyə inanmayan insanlar var. Əhalinin əksəriyyəti bu xəstəliyin təhlükəli olmadığını, bəziləri isə siyasi alət olduğunu düşünür. Xüsusən son həftələr gündəlik yoluxma statistikası isə vəziyyətin necə ciddi olduğundan xəbər verir.

“İnamsızlığı öncə Ümumdünya Səhiyyə Təşkilatı yaradıb”

Maraqlıdır, xalq niyə pandemiyaya inanmır? Təbliğat işi düzgün aparılmır, yoxsa həkimlərə olan inam itib?

Cebhe.info-ya açıqlama verən tanınmış həkim Vaqif Qarayev bildirib ki, pandemiyaya yanaşma doğru deyil: “Biz bu məsələni lokallaşdırmışıq. Sanki bu virus yalnız Azərbaycanın sərhədləri daxilindədir. Lakin belə deyil axı. Düz 6 aydır, dünya mediası bu haqda yazır. İnamsızlığı öncə Ümumdünya Səhiyyə Təşkilatı yaradıb. Vuhanda ilk xəstələr peyda olanda, virusun varlığı mediaya çıxanda ÜST bir müddət bu məsələni gizlətdi. Bütün postsovet məkanında inamsızlıq məsələsi gündəmdədir. Bəli, həkimə inamsızlıq da var. Lakin hər bir ölkənin inanmamaq üçün özünəməxsus səbəbi var. İtaliyada, İspaniyada da əvvəlcə etinasız yanaşdılar, heç kəs inanmadı virusa və sözün bütün mənalarında ölkə yandı. Sonra inanmağa məcbur oldular. Son iki həftədir, bizdə də xəbərdarlıq edilir ki, İtaliya sindromu yaxınlaşır. Sosial şəbəkələrdə izləyirik, hər gün statistika açıqlananda rəqəmlər bizi məyus edir, lakin ən çox həmin statuslara yazılan etinasız rəylər qan qaraldır. Hətta mən deyərdim, həmin rəqəmlər azdır. O rəqəmlər real müayinə olunanların sayıdır, ancaq nə qədər müayinə olunmayan, daşıyıcı insan var. Qorxunun səbəbi isə simptomsuz, xəstəliyi yüngül keçirənlərin karantin xəstəxanalarına yerləşdirilməsi oldu. Lakin hökumət bildirdi ki, həmin xəstələrə evlərində nəzarət ediləcək”.

0