Əlbəttə, bəşəriyyətin sağ qalmaq əzminə etinasız yanaşmaq olmaz. Böyük itkilər verilsə də, insanlar bu günədək üzləşdiyi ən qorxunc pandemiyalardan yaxa qurtarmağı və öz nəslini davam etdirməyi bacarıb. Analoji mübarizə bu gün də aktualdır.
Teleqraf.com tarixin ən ölümcül pandemiyaları haqda məlumatları təqdim edir.
Antonin vəbası
165-180-ci illər arasında Roma İmperiyasının şərqə hücum edən əsgərləri tərəfindən gətirilmiş yoluxucu xəstəlik olan Antonin vəbası gündə 2 min insanın ölümünə səbəb olmuş ən böyük pandemiyalardan biridir. Araşdırmaçılar bunun çiçək və ya qızılca olmasından şübhələnsə də, gerçək səbəbləri hələ də öz sirrini qoruyur.
Pandemiya Roma imperatoru Antonin və əhalinin 30 faizinin həyatına son qoymuşdu.
Yustinian vəbası
541-ci ildə Konstantinopol taxtında imperator Yustinian oturmuşdu. Avropadan başlayan bir pandemiya əvvəlcə Misirə, oradan Fələstin və Suriyaya, buradan da Azərbaycanın yerləşdiyi bölgəyə (Anadolu torpaqları) qədər yayıldı.
Yustinian Konstantinopola giriş-çıxışı bağlasa da, xəstəlik şəhərə əsgərləri gətirən arabalardakı siçanlar vasitəsilə girdi. Siçanların tükləri arasında yaşayan birələr bu ölümcül vəbanın əsas daşıyıcıları idi. Gündə minlərlə insanın ölümünə səbəb olurdu. İmperator məzarların cəsədlərlə dolmasından sonra meyitlərin dənizlərə atılması əmrini vermişdi.
Pandemiya tədricən özü-özünə yoxa çıxdı. Amma Konstantinopol əhalisinin 40 faizini itirdi. Pandemiya Bizansın zəifləməsinə səbəb oldu.
Qara vəba
1346-1353-cü illər arasında yayılan Qara vəbanın 75-200 milyon insanın həyatına son qoyduğu iddia edilir. Dəqiq statisika məlum olmasa da, bu illərdə Avropa əhalisinin sayının 30-60 faiz azaldığı bildirilir. Kilsə və tanrının mühakimə olunmasına yol açan vəba eyni zamanda, mədəniyyət və elm dünyasında inkişafın əsasını qoydu.
Su çiçəyi
XV əsrdə avropalılar “Yeni dünya” adlandırdıqları Amerika qitəsinə ilk dəfə ayaq basanda özləri ilə virus və bakteriyalar da gətirmişdilər. Bu viruslar sonradan avropalıların təmasda olduğu yerli xalqlara – hindulara da yoluxdu.
Həmin dönəmdə su çiçəyi Avropa əhalisinin üçdə bir hissəsini yoxa çıxarmışdı. Avropalılarla müqayisədə dərman və immunitet baxımından şansları olmayan hindular da bundan yaxa qurtara bilmədilər. Milyonlarla insan öldü, dönəmin yerli əhalisinin 90 faizi həyatını itirdi. Bu, Amerikanın avropalılar tərəfindən işğalını aslanlaşdırdı.
Kokoliztli virusları
XVI əsrdə Meksikada eyni vaxtda bir neçə infeksiya yayılmışdı və bunlar “Kokoliztli virusları” adlandırılır. İnfeksiyaların 1520-1576-cı illərdə 15 milyon insanın həyatına son qoyduğu, Maya sivilizasiyası üçün sonun başlanğıcı olduğu, Venesueladan Kanadaya qədər böyük bir əraziyə yayıldığı ehtimal olunur.
Vəba-xolera
Vəba infeksiyası bəşəriyyət tarixində bir neçə dəfə yayılıb. 1852-1860-cı illəri əhatə edən yoluxma dönəmi isə ən qorxuncu hesab olunur. Vəbanın böyük bir fəlakətə çevrildiyi yer Hindistan oldu.
Vəba Hindistandan Əfqanıstan və Rusiyaya yayıldı. 1 milyon insanın həyatına son qoyan pandemiya Avropa və Afrikaya da üz tutdu.
Üçüncü vəba hücumu
1855-1859-cu illərdə Çindən başlayaraq dünyaya yayılan vəba təkcə bu ölkə və Hindistanda 12 milyon insanın ölümünə səbəb oldu.
Tif infeksiyası
1914-1918-ci illərdə yayılan infeksiyaya Birinci Dünya Müharibəsinin səbəb olduğu bildirilir. Avropa və Asiyada 25 milyon insan xəstələndi, xüsusən də SSRİ respublikalarında 3 milyona yaxın insan həyatını itirdi.
İspan qripi
XX əsrin əvvəllərində 500 milyon insana yoluxan qrip (H1N1) 50-100 milıyon nəfərin ölümünə səbəb oldu. Bu, Birinci və İkinci Dünya müharibələrində ölən insanların sayından qat-qat çox idi. “İspan qripi” tarixin ən böyük pandemiyalarından biri kimi qeydə alınıb.
Asiya qripi
Çində başlayan virus ördəklərdə mutasiyaya uğrayaraq insanlara keçdiyi ehtimal olunur. “Asiya qripi” adlandırılan xəstəlik 4 milyon insanın həyatına son qoydu.