Başçının hektarlarla torpağı... – İH-dən açıqlama

ÖLKƏ
18:48 / 16.06.2020
1546

Samuxun icra başçısı Alı Qocayevin həyat yoldaşı Bənövşə Cəfərovanın rayonun Ziyadlı kəndində ferması olması barədə deyilənlər doğru deyil. Hətta olsa belə, bu, elə də böyük mülk deyil.

Hit.Az xəbər veeir ki, bunu Axar.az-a açıqlamasında Samux Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Elmar Qarayev deyib. O bildirib ki, burada ad oxşarlığı ola bilər:

“Digər tərəfdən, kiminsə 3 hektar torpağının olması elə də böyük bir şey deyil. Bu, nə fabrik, nə də zavoddur, sadəcə ailə təsərrüfatıdır. Bu məlumatı böyüdüb, qərəzli formada yazmaq düzgün deyil”.

Qurum rəsmisi onu da deyib ki, Alı Qocayevin adına digər mülklərin olması iddiası da əsassızdır:

“Alı müəllim hər zaman rayon camaatının problemləri ilə maraqlanır və lazımi diqqəti göstərir. Başçının xanımı Bənövşə Cəfərova da məktəb direktorudur. Onun da hər hansı biznes fəaliyyəti yoxdur”.

Qeyd edək ki, mediada Samuxun icra başçısı Alı Qocayevin rayonun Ziyadlı kəndində böyük ferma sahibi olması barədə məlumat yayılıb.

İcra başçısının fermanı Binəqədi rayonundakı 217 saylı məktəbin direktoru vəzifəsində çalışan xanımı Bənövşə Əkbər qızı Cəfərovanın adına rəsmiləşdirdiyi bildirilib.

Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin çıxarışının surəti də tirajlanıb.

1