Qubalı milyonçunun “Doğum evi”nə çevrilən mənzilindən REPORTAJ

ÖLKƏ
18:00 / 13.05.2020
4915

Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə Avropa memarlıq üslubunda tikilən ikimərtəbəli bina görünüşü ilə digərlərindən fərqlənir.

Qəsəbənin Fətəlixan küçəsindəki XIX əsrə aid yaşayış binası yəhudi əsilli milyonçuya məxsus olub. Avropa memarlıq üslubunda tikilən yaşayış evinin üzəri uşaq şəkilli freskalarla bəzədilib. Bu cür freskalar binanın içərisində də var. Bəzi mənbələrdə ev sahibinin övladı olmadığı üçün bu cür bəzək elementlərinə üstünlük verdiyi qeyd edilsə də, qəsəbədə yaşayanlar məlumatın düzgün olmadığını bildirirlər. Ondan çox otağın olduğu binada üzəri əl işləri ilə bəzədilən sobalar və sütunlar var.

Sahibi köçəndən sonra bina dövlət müəssisələrinin balansına verilib. Bina 2016-cı ilədək Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində “Doğum evi” kimi fəaliyyət göstərib. Bundan sonra iki il də tarixi binada qadın məsləhətxanası yerləşib. Xəstəxananın balansında olan tikili 2001-ci ildən tarixi abidə kimi dövlət qeydiyyatına alınıb və mühafizə olunur.

Quba rayonunda tarixi abidələr üzrə məsul şəxs Minurə Musayeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu bina ilə yanaşı, Qırmızı qəsəbədə daha iki dövlət qeydiyyatlı abidə var. Bunlar yaşayış evi və Quba ilə Qırmızı qəsəbəni birləşdirən Qudyalçay üzərindəki Tağlı körpüdür.

Ümumilikdə Quba rayonunda 167 tarixi abidə qeydiyyatdadır. Onlardan biri dünya, beşi ölkə, digərləri isə yerli əhəmiyyətlidir. Yaxın gələcəkdə daha 35 tarixi abidənin dövlət qeydiyyatına alınması nəzərdə tutulub.

0
Azertag.az