Nazirdən deputata cavab: "Sui-istifadə" sözündən ehtiyatla istifadə edin

ÖLKƏ
12:43 / 19.06.2020
1289

Maliyyə naziri Samir Şərifov deputat Qüdrət Həsənquliyevin dövlət vəsaitlərinin düzgün xərclənməməsilə bağlı sərt iradlarına cavab verib.

HİT.Az Modern.az-a istinadla xəbər verir ki, parlamentin bu gün keçirilən iclasındakı müzakirələr zamanı Samir Şərifov Qudrət Həsənquliyevin fikirləriylə qəti razı olmadığını bildirib:

"O ya bu məsələlərlə yaxından tanış olmayıb, ya da başqa hansısa məqsədlər güdür. Hər hansı sualları varsa, mənə ünvanlaya bilərdi. Birincisi, sui-istifadə sözündən ehtiyatla istifadə etmək lazımdır. Qanunun təqdim edilməsi uzun proseslərdən keçən məsələdir. Qeyd edir ki, 3,5 milyard vəsait parlamentdən soruşulmadan bölüşdürüb. Bu tamamailə yanlışdır. Burada dövlət büdcəsinin vəsaitindən söhbət getmir".

Samir Şərifov Qüdrət Həsənquliyevin vəsaitlərə qənaət edilməsi barədəki iradlarına da cavab verib: "Qənaət məsələsinə gəldikdə isə, stəkanda fırtına yaratmağa ehtiyac yoxdur. Burada süni problem yaratmaq lazım deyil. Baxmaq lazımdı ki, qənaət hansı mənbələr hesabına formalaşıb".

Qeyd edək ki, Q.Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib ki, "Youtube"də videoya baxıb və orada ikinci qrup əlilin müavinətinin neçə ildən sonra kəsildiyini görüb. O bildirib ki, həmin şəxs dövlət başçısına, Birinci vitse-prezidentə müraciət edir:

“Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti orda etmək lazımdır ki, qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. Bu məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi. Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaiti belə qənəat etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”.

1