Koronavirus olan rayonlarda karantin qaydalarına əməl edilimir — VİDEO

ÖLKƏ
08:30 / 20.06.2020
1071

İnsanların kütləvi toplaşdıqları yerlərdə, xüsusilə də bazarlarda və ictimai nəqliyyatda sakinlərin əksəriyyəti karantin qaydalarına əməl etmir. Nə maska taxan var, nə də ara məsafəni qoruyan.

HİT.Az xezerxeber.az-a istinadən xəbər verir ki, son vaxtlar koronavirusa yoluxma hallarının artdığı Cəlilabad rayonu "narıncı zona” elan edilib. Son günlər 6 yaşayış məntəqəsində COVID-19 infeksiyasının aşkarlanması, 26 nəfərin müalicəyə alınması və 4 nəfərin bu infeksiyadan ölməsi Cəlilabadın da "narıncı zona" elan edilməsinə səbəb olub. İyun ayının 21-dən sərt karantin rejiminin tətbiqi sakinlərin dükan-bazarlara axın etmələrinə səbəb olub. Amma vəziyyətin ciddiliyinə baxmayaraq, sakinlər açıq və qapalı ərazilərdə, kafe və çayxanalarda nə tibbi maskalardan istifadə edir, nə də sosial məsafəni gözləyir.

Cəlilabad Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bundan sonra qaydalara əməl etməyənlərə cərimələr tətbiq ediləcək.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Masallı rayonunda da işlər davam etdirilir. Polis əməkdaşları rayon ərazisində müntəzəm reydlər keçirirlər.

Karantin rejiminin tələblərinə məhəl qoymayan, qapalı məkanlarda, eləcə də dayanacaqlarda və bankomatların qarşısında maskasız gəzən vətəndaşlar barəsində protokol tərtib edilib.

Şirvanda isə polis əməkdaşları maraqlı addım atıblar. Onlar insanların daha sıx toplaşaraq növbə gözlədikləri bank və digər xidmət sahələrinin qarşısında oturacaqlar qoyublar. Oturacaqlar sosial məsafə nəzərə alınaraq düzülüb.

Bundan əlavə, polis əməkdaşları növbə gözləyən vətəndaşlara su və tibbi maska da paylayıblar.

 

0