ASAN xidmət sədrindən SMS icazələrlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

ÖLKƏ
11:30 / 20.06.2020
1264

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilir. Vətəndaşlardan xahiş edirik ki, SMS icazələrdən təyinatına uyğun istifadə etsinlər.

Bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev bildirib.

Ü.Mehdiyev deyib ki, qeyd olunan ərazilərdə 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq ediləcək:

"Bu müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində şəxslərin hərəkəti icaze.e-gov.az portalında icazə aktivləşdirildikdən sonra mümkün olacaq.

İcazə işə gedib-gəlmək üçündür.

Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar isə mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, eyni zamanda şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər".

Onun sözlərinə görə, qərarla həm vətəndaşın sosial izolyasiyasını təmin etmək, həm də zəruri ehtiyaclarını almaq üçün şərait yaradılıb".

Ü. Mehdiyev deyib ki, vətəndaş açıq havada olmaq üçün də 2-ci koddan istifadə edə bilərlər:

"Çünki 2 həftə ərzində vətəndaşın hava almaq imkanı mütləqdir".

Onun sözlərinə görə, icazələrlə bağlı 2 kod təyin edilib:

"1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçündür. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir.

Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.

Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər.

 

Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər".

O qeyd edib ki, vətəndaş SMS icazə ilə işini 2 saat müddətində həll edə bilməzsə, o halda getdiyi yerdən, dövlət qurumundan buna dair arayış almalıdır.

1
Modern.az